Samuxda möhtəşəm festivallar – FOTOLAR
Samux rayonunda “Regional İnkişaf” İctimai Birliyi, Samux Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “III Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” keçirilib.
Modern.az xəbər verir ki, rayonun ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisəyə çevrilən festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini Seymur Səfərli, ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri və respublikanın müxtəlif bölgələrindən gəlmiş çoxsaylı qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Festival münasibətilə Samux şəhəri xüsusi bayram ab-havasına bürünüb. Şəhərin mərkəzi küçə və prospektləri, park və xiyabanları bayramsayağı bəzədilib, milli musiqi sədaları altında keçirilən rəngarəng yürüş tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.
Heydər Əliyev prospektində yerləşən müasir Samux parkında təşkil olunan festivalda rayonun zəngin kənd təsərrüfatı potensialı, milli-mənəvi dəyərləri və mədəni irsi nümayiş etdirilib. Tədbir çərçivəsində milli mətbəximizin bir-birindən dadlı təamları təqdim olunub, fermerlərin yetişdirdiyi müxtəlif ərik növləri, ərikdən hazırlanan mürəbbələr, şirələr və digər məhsullar xüsusi stendlərdə sərgilənərək qonaqların marağına səbəb olub.
Festival ərazisində qurulan sərgi və satış guşələri, sənətkarların əl işləri, ustad dərsləri, idman yarışları, uşaqların təqdim etdiyi milli rəqslər, məktəblilərin ərik mövzusunda hazırladıqları rəsm və əl işləri tədbirə xüsusi rəng qatıb. İştirakçılar həm milli dəyərlərimizi əks etdirən nümunələrlə tanış olub, həm də maraqlı əyləncə proqramlarından zövq alıblar.
“Aqrar Biznes Festivalı” çərçivəsində kənd təsərrüfatı sahəsində tətbiq olunan müasir texnologiyalar, innovativ avadanlıqlar və aqrar təyinatlı texnikalar nümayiş etdirilib. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən toxum, gübrə, bitki mühafizə vasitələri və digər məhsullar sərgilənərək fermerlərə ətraflı məlumat verilib.
Festivalın keçirilməsində əsas məqsəd fermerlərin yetişdirdikləri ərik məhsullarını tanıtmaq, sahibkarlar və fermerlər arasında əməkdaşlıq imkanlarını genişləndirmək, aqroturizmin inkişafına töhfə vermək, Samux ərikçiliyinin daha geniş miqyasda təbliğini təmin etmək və rayonun sosial-iqtisadi inkişafına dəstək göstərməkdən ibarətdir.
Açılış mərasimində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, eləcə də kənd təsərrüfatının dəstəklənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bağçılıq sahəsi sürətlə inkişaf edir. Qeyd olunub ki, Samux rayonunda ərik bağlarının sahəsi 500 hektardan artıqdır və burada 16 müxtəlif ərik sortu yetişdirilir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seymur Səfərli çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar aqrar sahənin inkişafında yeni mərhələnin əsasını qoyur. O qeyd edib ki, dövlət başçısı kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su resurslarından səmərəli istifadə, emal sənayesinin genişləndirilməsi və fermerlərin dövlət dəstəyi ilə əhatə olunmasının vacibliyini xüsusi vurğulayıb. Nazir müavini bildirib ki, Samux rayonunda keçirilən “III Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” da kənd təsərrüfatının inkişafına, yerli məhsulların tanıdılmasına və fermerlərin bazar imkanlarının genişləndirilməsinə xidmət edir.
Qeyd edilib ki, “III Ərik Festivalı” və “Aqrar Biznes Festivalı”nın Samux rayonunda keçirilməsi təsadüfi deyil. Azərbaycan üzrə ərikçiliyin inkişaf etdiyi əsas bölgələrdən biri olan Samuxda son illər intensiv bağçılığın genişləndirilməsi istiqamətində mühüm işlər görülüb və bu sahədə uğurlu nəticələr əldə olunub.
Rəsmi hissədən sonra festival iştirakçıları üçün geniş konsert proqramı təqdim olunub. Azərbaycanın tanınmış incəsənət nümayəndələrinin çıxışları tədbirə xüsusi rəng qatıb. Festival möhtəşəm atəşfəşanlıq nümayişi ilə başa çatıb.
Mənbə: Modern.az
