Horadiz-Ağbənd avtomobil yolunun tikintisi başa çatır – RƏSMİ
“Horadiz-Ağbənd avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xəttinin inşası isə son mərhələyə çatıb”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, bir çox şirkət bölgədə anbar kompleksləri və logistika mərkəzləri yaratmaq, yükdaşıma və saxlama imkanlarını genişləndirməkdə maraqlıdır.
“Bütün bunlar regionun iqtisadi inkişafına və beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə ciddi təkan verəcək”.
V.Hacıyev qeyd edib ki, Böyük Qayıdış təkcə insanların doğma yurdlarına qayıtması deyil, həm də biznesin, təhsilin, xidmət sektorunun, yeni ideyaların və imkanların bölgəyə dönüşü deməkdir.
“Dövlət bu prosesin uğurla həyata keçirilməsi üçün zəruri şərait yaradır. Bu istiqamətdə vergi və gömrük güzəştləri tətbiq olunur, sahibkarlar üçün maliyyə mexanizmləri formalaşdırılır, investorlara geniş dəstək göstərilir.
Nəticədə bölgədə kənd təsərrüfatı, logistika, xidmət sektoru, turizm və mədəniyyət kimi prioritet sahələr sürətlə inkişaf edir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iki əsas iqtisadi zona yaradılıb. Bunlardan biri Ağdam Sənaye Parkı, digəri isə Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasıdır.
Araz Vadisi İqtisadi Zonasında artıq 19-dan çox rezident şirkət fəaliyyət göstərir və ya layihələrini həyata keçirir. Bəzi müəssisələr artıq istifadəyə verilib və bu gün bölgəyə qayıdan sakinlər həmin müəssisələrdə çalışırlar”.
Mənbə: Oxu.az