Neft qiymətləri kəskin düşdü – Oxu.az
Bazar ertəsi dünya bazarlarında neftin dəyərində kəskin azalma müşahidə olunub. Bu geriləmə, əsasən, Yaxın Şərq regionunda sülh müqaviləsinin əldə olunacağına dair ehtimallarla bağlıdır.
Bu barədə Oxu.Az “İnterfaks” agentliyinə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 09:20-yə olan göstəricilərə əsasən, Londonun “ICE Futures” birjasında oktyabr füçersləri üzrə “Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisədə 4.71 dollar (5.36%) azalaraq 83.22 dollara enib. Qeyd edək ki, cümə günü sözügedən müqavilələrin dəyəri 1.05 dollar (1.2%) artaraq 87.93 dollar səviyyəsində qərarlaşmışdı.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində sentyabr ayı üçün WTI markalı neftin füçersləri bu vaxta qədər 5.2 dollar (6.14%) azalaraq barel üçün 79.47 dollara düşüb. Əvvəlki sessiyanın sonunda onların qiyməti 1.08 dollar (1.29%) artaraq barel üçün 84.67 dollara çatıb.
ABŞ-İran arasında yenidən başlayan konfliktlər fonunda neft qiymətləri iyul ayını əhəmiyyətli dərəcədə artımla başa vurub. Brent markalı neft 24%, WTI markalı neft isə 21% artıb.
Mənbə: Oxu.az