Təbrizə vurulan “kirli qənd” damğası

0

Yazıçı Aqşin Yeniseyin Səfəvilərlə bağlı yazısını oxudum. Tarixə fərqli baxışlar ola bilər. Səfəviləri tənqid etmək də, onların irsini fərqli prizmadan qiymətləndirmək də müəllifin haqqıdır. Lakin yazıda işlədilən bir ifadə məni ciddi narahat etdi.

Müəllif yazır ki, guya yazıçı dostlarından biri Təbrizə səfər etdikdən sonra belə deyib: “Mən Təbrizdə kirli olmayan bircə qənd tapa bilmədim.” Daha sonra isə bu müşahidəni şəhərin guya köhnəpərəstliyinin, yeniliyə biganəliyinin rəmzi kimi təqdim edir.

Bu ifadə mənə görə nə obyektivdir, nə də etik.

Mən dəfələrlə Təbrizdə olmuşam. Demək olar ki, bir neçə aydan bir bu şəhərə səfər etmişəm. Gördüyüm Təbriz isə tamam başqa idi. Küçələri təmiz, yolları hər səhər yuyulan, insanların davranışı mədəni, restoranları, çay evləri və digər iaşə obyektləri yüksək təmizlik mədəniyyətinə malik olan bir şəhər gördüm. Təbriz yalnız tarixi ilə deyil, həm də insanlarının qonaqpərvərliyi, mədəniyyəti və şəhər nizamı ilə seçilir.

Ədəbiyyatda metafora güclü ifadə vasitəsidir. Amma metafora həqiqəti əvəz etməməlidir. Bir şəhəri “kirli qənd” obrazı ilə xarakterizə etmək, sonra da bunu həmin şəhərin düşüncə tərzinə aid etmək bütöv bir şəhər və onun insanları haqqında əsassız ümumiləşdirmədir.

Təbriz Azərbaycan tarixinin, dilinin və mədəniyyətinin ən mühüm mərkəzlərindən biridir. Bu şəhər əsrlər boyu şairlər, alimlər, sənətkarlar və dövlət xadimləri yetişdirib. Belə bir şəhərin adını mənfi metaforalarla assosiasiya etdirmək nə tarixi həqiqətə, nə də ədəbi etikaya xidmət edir.

Səfəviləri tənqid etmək olar. Tarixi hadisələri fərqli prizmadan qiymətləndirmək də olar. Ancaq bu polemika Təbrizi və təbrizliləri hədəfə çevirməməlidir. Çünki şəhərlər ideologiya deyil, canlı tarixdir. Onların dəyərini bir cümləlik metafora ilə ölçmək mümkün deyil.

Fikir azadlığı böyük dəyərdir. Amma fikir azadlığı ilə söz məsuliyyəti yanaşı addımlamalıdır. Yazıçının sözü oxucunun düşüncəsinə təsir edir. Buna görə də xüsusilə tarixi şəhərlər və onların insanları haqqında işlədilən ifadələr həm faktlara, həm də ədəbiyyatın etik ölçülərinə söykənməlidir.

Təbriz “kirli qənd” damğası ilə deyil, zəngin tarixi, yüksək mədəniyyəti və qonaqpərvər insanları ilə tanınan bir şəhərdir. Ona vurmaq istənilən bu damğa isə həqiqəti deyil, müəllifin subyektiv yanaşmasını əks etdirir.
Təbriz buna layiq deyil…

Tağı Türk


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More