ATƏT sədri: Azərbaycan və Ermənistan arasında yekun sülh vacibdir

0

İsveçrə Konfederasiyasının vitse-prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis təşkilatın münaqişələrin qarşısının alınması və müharibələrin dayandırılması istiqamətində daha effektiv fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Modern.az xəbər verir ki, bunu o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

İqnazio Kassis Azərbaycana səfəri çərçivəsində Bakının tarixi və müasir simasının onda xoş təəssürat yaratdığını bildirib:

“İçərişəhəri gəzmək imkanı qazandım və Azərbaycanın zəngin mədəni irsini yaxından gördüm. Bakı məndə yaşıl şəhər təəssüratı yaratdı. Şəhərin hər yerində yaşıllıq və ağaclar diqqətimi çəkdi. 1990-cı illərdə Bakıda olmuş həmkarlarım deyirdilər ki, o dövrdə vəziyyət tam fərqli idi. Bu gün isə şəhərdəki böyük inkişafı və dəyişiklikləri öz gözlərimlə gördüm.Ceyhun Bayramovla səmərəli müzakirələr apardıq. İsveçrə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.

İki ölkə arasında dostluq münasibətləri dərin köklərə malikdir. İqtisadi əməkdaşlıq və qurumlararası əlaqələr bu münasibətlərin daha da inkişafına şərait yaradır. Özəl sektorun investisiya yatırması üçün əlverişli hüquqi və institusional çərçivələr mövcuddur. Gələcəkdə bu investisiyaların və iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycan geostrateji mövqeyi baxımından Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzi rolunu oynayır”.

İsveçrəli nazir Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunaraq bildirib ki, sülh sazişinin paraflanması regionda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm addımdır:

“İsveçrənin bu prosesə az da olsa töhfə verməsindən məmnunluq duyuram. Hər iki ölkənin və xalqlarının rifahı naminə yekun sülhün əldə olunması olduqca vacibdir. İsveçrə bu prosesə dəstək verməyə və öz töhfəsini göstərməyə hər zaman hazırdır”.

ATƏT-in fəaliyyətdə olan sədri çıxışında Ukrayna-Rusiya müharibəsinə də toxunaraq, davamlı sülhün yalnız dialoq yolu ilə mümkün olduğunu vurğulayıb:

“Rusiya, Belarus və Ukrayna arasında həqiqi dialoq qurulmalıdır. Tərəflər Helsinki Yekun Aktının prinsiplərinə uyğun şəkildə qarşılıqlı anlaşma və əməkdaşlıq yolunu tapmalıdırlar. Eyni zamanda hesab edirəm ki, ATƏT münaqişələrə müdaxilə edib müharibələrin dayandırılmasına töhfə vermək iqtidarında olmalıdır. Cənab nazir sizi nazirlər toplantısında görməkdən məmnun olacam. Təşkilatın gələcək fəaliyyəti və yeni sədrin seçilməsi məsələləri müzakirə olunacaq.

İnanıram ki, gələcəkdə də İsveçrə ilə Azərbaycan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizi davam etdirəcəyik”.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More