BMU məzunu Kembric Universitetində təhsil alacaq
Bakı Mühəndislik Universitetinin (BMU) “Maliyyə” ixtisası üzrə məzunu İlham Səmədov dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Kembric Universitetinin (University of Cambridge) magistratura proqramına qəbul olub.
Modern.az xəbər verir ki, BMU məzunu təhsilini İngiltərədə, 2027-ci il üzrə QS Dünya Universitetləri Reytinqində ilk onluqda qərarlaşan universitetdə “Maliyyə” ixtisası üzrə davam etdirəcək.
İlham Səmədov Neftçala rayon 3 saylı tam orta məktəbi qızıl medalla bitirib. Respublika Fənn Olimpiadasında Coğrafiya üzrə qalib olub və qızıl medal qazanıb. BMU-nun “Maliyyə” ixtisasına 664 balla qəbul olan məzun bakalavr təhsilini 91,3 ümumi orta müvəffəqiyyət göstəricisi ilə başa vurub.
Ali təhsili müddətində bir sıra uğurlara imza atan İlham Səmədov “Mən Azərbaycanlıyam” milli bilik yarışmasında adını qaliblər sırasına yazdırıb.
Hazırda maliyyə, mühasibat və audit sahəsində peşəkar təcrübəyə malik olan BMU məzunu dünyanın aparıcı audit və konsaltinq şirkətlərindən biri olan EY-nin Bakı ofisində fəaliyyət göstərir. Müxtəlif illərdə mütəxəssis, ekspert və baş ekspert vəzifələrində çalışıb, hazırda isə menecer vəzifəsini icra edir. İlham Səmədov, eyni zamanda, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.
Peşəkar fəaliyyəti dövründə müxtəlif komandaları idarə edən İlham Səmədov iri həcmli və çoxşaxəli layihələrin icrasında iştirak edib. Audit, maliyyə və mühasibat proseslərinin təkmilləşdirilməsi, korporativ hesabatlılıq sistemlərinin inkişafı və beynəlxalq maliyyə standartlarının tətbiqi sahəsində zəngin praktiki təcrübə qazanıb.
BMU məzunu bildirib ki, Kembric Universitetində əldə edəcəyi qabaqcıl bilik və bacarıqları gələcəkdə Azərbaycanda tətbiq etməyi, ölkənin maliyyə sektorunun və iqtisadiyyatının davamlı inkişafına, eləcə də beynəlxalq təcrübələrin geniş tətbiqinə töhfə verməyi qarşısına məqsəd qoyub.
Qeyd edək ki, İlham Səmədov magistratura təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində davam etdirəcək.
Mənbə: Modern.az