“Bu universitet illərlə necə fəaliyyət göstərib?” – Deputatdan REAKSİYA

0
Ötən həftə Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırıldı. Ardınca universitetdə tədrisin təşkili və akademik heyətlə bağlı açıqlanan məlumatlar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Rəsmi məlumata əsasən, ali məktəbdə dərs deyən müəllimlərin yarıdan çoxunun elmi dərəcəsinin olmadığı bildirilib. Bu fakt ali təhsil müəssisələrində akademik heyətin formalaşdırılması, tədrisin keyfiyyəti və nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı sualları gündəmə gətirir. Müzakirələr fonunda diqqət çəkən əsas məqamlardan digəri də bu vəziyyətin niyə məhz universitetin lisenziyası ləğv edildikdən sonra açıqlanmasıdır.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov  qeyd edib ki, hər hansı ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması kifayət qədər ciddi məsələdir və bu cür hallara həssas yanaşılmalıdır.

Onun sözlərinə görə, universitetin bağlanması təkcə təhsil müəssisəsinə deyil, orada çalışan kollektivə və tələbələrə də birbaşa təsir göstərir:

“Burada bir neçə vacib məqam var. Hesab edirəm ki, hansısa universitetin bağlanması kifayət qədər ciddi məsələdir. Bu gün həmin universitetdə çoxlu sayda müəllim və digər əməkdaş çalışır. İnsanların iş məsələsi və digər sosial problemlər kifayət qədər həssas yanaşma tələb edir”.

Deputat qeyd edib ki, son günlər universitetdə dərs deyən müəllimlərin yarıdan çoxunun elmi dərəcəsinin olmaması ilə bağlı açıqlanan məlumat ciddi suallar yaradır:

“Əgər həqiqətən də universitetdə dərs deyən müəllimlərin yarıdan çoxunun elmi dərəcəsi olmayıbsa, bu, təbii ki, tədrisin keyfiyyətinə təsir göstərən amildir. Amma belə idisə, universitet bu vaxta qədər necə fəaliyyət göstərib? Niyə bu fakt məhz indi açıqlanır? Əgər belə problem mövcud idisə, əvvəldən nəzarətdə saxlanılmalı və bununla bağlı müvafiq addımlar atılmalı idi”.

C.Məmmədov həmçinin vurğulayıb ki, bu halda əvvəlki akkreditasiya prosesləri ilə bağlı da suallar yaranır:

“Belə çıxır ki, universitet təxminən 30 ilə yaxındır bu formada fəaliyyət göstərib. O zaman sual yaranır: bu ali təhsil müəssisəsi əvvəlki akkreditasiyalardan necə keçib, hansı əsaslarla keçib? Bunlar da araşdırılmalı məsələlərdir”.

Deputat hesab edir ki, ali təhsil müəssisələrində tədrisin keyfiyyəti və akademik heyətin fəaliyyəti yalnız akkreditasiya dövründə deyil, davamlı şəkildə izlənilməlidir:

“Universitetlərdə təlim-tədris prosesinə daha diqqətlə yanaşılmalıdır. Akademik heyətin tərkibi və tədrisin keyfiyyəti davamlı şəkildə araşdırılmalıdır. Bu proses yalnız bir akkreditasiyadan digər akkreditasiyaya qədər olan dövrlə məhdudlaşmamalıdır. Daim nəzarətdə saxlanılmalıdır ki, sonradan belə problemlərlə üzləşməyək və birdən-birə hansısa universitetin bağlanması faktı ilə qarşılaşmayaq”.

Onun sözlərinə görə, ali təhsil müəssisələri təhsilin keyfiyyətinin yüksəldilməsinə daha çox diqqət ayırmalıdır:

“Universitetlər öz təhsil keyfiyyətini artırmalı, keyfiyyətli təhsil verməli və müəllim seçimində daha həssas davranmalıdırlar. Bu istiqamətdə nəzarət mexanizmləri də daha ciddi olmalıdır”.

Deputat onu da əlavə edib ki, yaranmış vəziyyətdə tələbələrin və müəllimlərin hüquqlarının qorunması əsas prioritetlərdən biri olmalıdır:

“Bu gün tələbələrin digər universitetlərə köçürülməsi, müəllimlərin işlə təmin olunması kimi məsələlər çox həssas şəkildə həll edilməlidir. Bütün proses elə təşkil olunmalıdır ki, həm tələbələr, həm də müəllimlər üçün əlavə problemlər yaranmasın”, – C.Məmmədov qeyd edib. 

Bakı Qızlar Universitetinin 1568 tələbəsindən 1513-ü ali təhsilin bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirəcək. Bu tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında topladıqları bal, təhsil aldıqları ixtisas, təhsil səviyyəsi, təhsilalma forması, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, habelə digər zəruri meyarlar nəzərə alınmaqla təhsillərinin Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirilməsi məqsədilə köçürülməsi nəzərdə tutulub.

Bundan əlavə, nazirliyin açıqlamasında bildirilib ki, universitetdə 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub və onların yarıdan çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, bu şəxslərin əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələri olduğundan, universitetin fəaliyyətinin dayandırılması onların əsas iş yerlərini itirməsi ilə nəticələnməyəcək. Universitetin ştat əməkdaşlarının isə digər ali təhsil müəssisələrində mövcud vakant vəzifələrə müraciət etmələri mümkün olacaq. Bununla bağlı Elm və Təhsil Nazirliyi müvafiq ali təhsil müəssisələrinə tövsiyələr verəcəyini açıqlayıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More