Təkcə maaş yox, həm də pay: Əmək bazarında yeni dövr başlayır
Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhmdar kimi iştirakına hüquqi zəmin yaradılıb. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək, Mülki və Vergi məcəllələrinə dəyişikliklərlə işəgötürənlərə işçiləri şirkətin payları (səhmləri) ilə həvəsləndirmək imkanı verilir. Yeni mexanizmə əsasən, işçilər müəyyən şərtlər daxilində müəssisənin paylarını (səhmlərini) güzəştli şərtlərlə və ya ödənişsiz əldə edə, həmçinin gələcəkdə onları almaq hüququ qazana biləcəklər. Eyni zamanda, bu münasibətlərin hüquqi çərçivəsi, vergitutma qaydaları və tərəflərin hüquq və öhdəlikləri də qanunvericilikdə ətraflı tənzimlənib.
Görəsən, sözügedən dəyişikliyin tətbiqi praktik cəhətdən nə dərəcədə mümkün olacaq?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, Azərbaycan qanunvericiliyinə işçilərin çalışdıqları kommersiya hüquqi şəxslərin paylarında və səhmlərində iştirakına hüquqi imkan yaradan mexanizmin daxil edilməsi əmək münasibətlərinin iqtisadi məzmununu genişləndirən və insan kapitalının korporativ dəyər yaratma prosesində rolunu gücləndirən mühüm institusional yenilikdir.
O qeyd edib ki, bu dəyişiklik mahiyyət etibarilə işçinin müəssisə ilə münasibətlərini yalnız əmək müqaviləsi və əməkhaqqı çərçivəsində saxlamayaraq, onun şirkətin gələcək iqtisadi nəticələrində iştirakına hüquqi zəmin yaradır:
“Beləliklə, insan kapitalı ilə maliyyə kapitalı arasında daha sıx iqtisadi bağlılıq formalaşır və əmək məhsuldarlığının müəssisənin uzunmüddətli dəyər artımı ilə əlaqələndirilməsi üçün yeni imkan meydana çıxır. Bu mexanizmin mahiyyətini düzgün qiymətləndirmək üçün onun tətbiq qaydasına diqqət yetirmək vacibdir. Qanun hər işçiyə çalışdığı müəssisənin kapitalından avtomatik pay tələb etmək səlahiyyəti vermir. Payçılıq mexanizmi şirkətin təşəbbüsü əsasında, işçi ilə xüsusi pay və ya səhm iştirakı planı haqqında müqavilə bağlanması yolu ilə reallaşdırılır. Başqa sözlə, burada dövlət tərəfindən müəssisələrin mülkiyyət strukturunun məcburi şəkildə dəyişdirilməsi mexanizmi formalaşdırılmır. Sahibkarlara işçilərin uzunmüddətli iqtisadi maraqlarını şirkətin inkişaf perspektivi ilə uzlaşdırmaq üçün hüquqi və korporativ alət təqdim edilir. Bu baxımdan, mexanizmin tətbiqi müəssisənin mülkiyyət strukturundan, idarəetmə fəlsəfəsindən, maliyyə imkanlarından və işçi kapitalının şirkətin inkişafındakı çəkisindən asılı olaraq fərqli intensivlik qazana bilər. Hüquqi imkan kommersiya hüquqi şəxslərinin geniş dairəsini əhatə etsə də, iqtisadi səmərəlilik baxımından onun ən böyük potensialı startaplarda, texnologiya və innovasiya şirkətlərində, yüksək artım dinamikasına malik müəssisələrdə və peşəkar kadrlar uğrunda rəqabətin yüksək olduğu biznes subyektlərində üzə çıxır”.
Deputat vurğulayıb ki, startapların ilkin inkişaf mərhələsində maliyyə resurslarının məhdudluğu yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini çətinləşdirə bilər:

“Belə şəraitdə əməkhaqqı ilə yanaşı, gələcək kapital iştirakının təklif olunması işçinin cari gəlir gözləntisini müəssisənin perspektiv dəyəri ilə əlaqələndirən daha çevik kompensasiya modeli yaradır. İşçi şirkətin böyüməsini yalnız işəgötürənin kommersiya uğuru kimi qəbul etmir, həmin artımın müəyyən hissəsində özünün də iqtisadi marağını görür. Məhz bu xüsusiyyət işçi payçılığını yüksək ixtisaslı insan kapitalının cəlb edilməsi və saxlanılması baxımından əhəmiyyətli vasitəyə çevirə bilər. Bu iqtisadi məntiq şirkətin daxili idarəetmə münasibətlərinə də təsir göstərir. İşçinin gələcək pay hüququnun müəyyən müddət ərzində çalışmaq, konkret performans göstəricilərinə nail olmaq və ya müəssisənin əvvəlcədən müəyyən edilmiş biznes nəticələrinə çatması ilə əlaqələndirilməsi onun marağını qısamüddətli nəticələrdən uzunmüddətli inkişaf perspektivinə istiqamətləndirə bilər. Belə mexanizm işçi dövriyyəsinin azalmasına, institusional loyallığın güclənməsinə və şirkətin strateji məqsədlərinin əməkdaşların şəxsi iqtisadi maraqları ilə daha sıx uzlaşdırılmasına şərait yaradır. Eyni zamanda, pay və ya səhm iştirakının əməkhaqqını əvəz edən vasitəyə çevrilməməsi mühüm hüquqi təminatdır. Əməkhaqqı işçinin əməyinə görə əsas təminat olaraq qalır, kapital iştirakçılığı isə onun üzərinə qurulan uzunmüddətli iqtisadi motivasiya komponenti funksiyasını daşıyır. Bununla yanaşı, işçi payçılığının real iqtisadi səmərəsi onun yaratdığı risklərin düzgün idarə edilməsindən asılıdır. İşçi üçün əsas risk əldə etdiyi payın nominal həcmi ilə real iqtisadi dəyəri arasındakı fərqlə bağlıdır”.
Parlamentarinin sözlərinə görə, özəl şirkətin müəyyən faizinə sahib olmaq həmin payın istənilən vaxt pula çevrilməsi imkanını avtomatik yaratmır:

“Müəssisənin maliyyə nəticələrinin zəifləməsi, investor marağının azalması, bazar dəyərinin dəyişməsi və payın realizasiyası üçün məhdud imkanların mövcudluğu işçinin gözlədiyi gəlirin faktiki nəticəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Buna görə işçi üçün əsas məsələ yalnız əldə etdiyi payın faiz göstəricisi yox, həmin payın hansı mülkiyyət, gəlir, səsvermə, satış və digər korporativ hüquqlar yaratmasıdır. Eyni dərəcədə mühüm məsələ əmək münasibətlərinə xitam verildikdə pay hüququnun taleyidir. İşçinin artıq əldə etdiyi və gələcəkdə əldə etməsi nəzərdə tutulan payların statusu, geri satış imkanları, digər iştirakçıların üstünlük hüquqları və şirkətin strukturunda dəyişiklik baş verdikdə həmin payların hüquqi taleyi müqavilədə maksimum aydınlıqla müəyyənləşdirilməlidir. Şirkətlər baxımından isə işçi payçılığı mülkiyyət strukturunun və korporativ idarəetmənin daha mürəkkəb sistemə keçməsini şərtləndirə bilər. İşçilərin payçı statusu qazanması təsisçilərin iştirak paylarına, qərar qəbuletmə mexanizmlərinə, dividend siyasətinə və gələcək investorlarla münasibətlərə təsir göstərə bilər. Buna görə belə planların hazırlanması insan resurslarının idarə edilməsinin texniki elementi kimi deyil, şirkətin uzunmüddətli korporativ strategiyasının tərkib hissəsi kimi həyata keçirilməlidir. Mexanizmin praktik uğuru həmçinin payların qiymətləndirilməsi, vergi nəticələrinin aydınlığı, müqavilə standartlarının keyfiyyəti, kiçik pay sahiblərinin hüquqlarının müdafiəsi və şirkətlərin korporativ idarəetmə mədəniyyətinin səviyyəsi ilə birbaşa bağlı olacaq”.
Onun sözlərinə görə, hüquqi mexanizm mövcud olsa da, onun geniş iqtisadi praktikaya çevrilməsi üçün biznes subyektlərinin bu alətə strateji resurs kimi yanaşması əsas şərtdir:

“Nəticə etibarilə, işçi payçılığı mexanizminin mahiyyəti əməkdaşa şirkətdən müəyyən faiz verilməsi ilə məhdudlaşmır. Burada əmək münasibətləri ilə mülkiyyət münasibətləri arasında yeni institusional əlaqə qurulur və insan kapitalının yaratdığı dəyərin gələcək artımında həmin kapitalın da iştirakına imkan yaranır. Bu model Azərbaycan iqtisadiyyatında yüksək ixtisaslı kadrların cəlb olunması, onların müəssisələrdə uzunmüddətli fəaliyyətinin stimullaşdırılması, innovasiya potensialının gücləndirilməsi və korporativ idarəetmə mədəniyyətinin inkişafı baxımından əhəmiyyətli nəticələr verə bilər. Daha geniş müstəvidə isə bu mexanizm insan kapitalının milli iqtisadiyyatın strateji resursuna çevrildiyi bir mərhələdə əmək münasibətlərinin yeni keyfiyyət müstəvisinə keçirilməsi üçün hüquqi baza yaradır. Dövlətin iqtisadi siyasətində sahibkarlığın, investisiyaların, innovasiyaların və insan kapitalının inkişafına verilən əhəmiyyət fonunda işçi payçılığı bu istiqamətlərin kəsişmə nöqtəsində formalaşan müasir korporativ alət kimi çıxış edir. Onun uzunmüddətli nəticəsi isə payların formal bölüşdürülməsindən çox, işçi ilə şirkət arasında qarşılıqlı iqtisadi məsuliyyət, etimad və gələcək dəyərin birgə yaradılması fəlsəfəsinin nə dərəcədə möhkəm qurulacağından asılı olacaq”.
Mənbə: Oxu.az