Hansı universitetlərdə IT ixtisasları üzrə plan yerləri ARTIB?
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planında informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisasları üzrə bir sıra dəyişikliklər edilib.
Modern.az saytı Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan qəbul planları əsasında 2025/2026 və 2026/2027-ci tədris illəri üzrə göstəriciləri müqayisə edib.
Məlumata görə, Bakı Dövlət Universitetində informasiya təhlükəsizliyi üzrə Azərbaycan bölməsində plan yerlərinin sayı 2025-ci ildə 25, 2026-cı ildə isə 50 olub. 2026-cı ildə bundan əlavə rus bölməsi üzrə 25 yer də ayrılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyaları üzrə müxtəlif tədris dilləri nəzərə alınmaqla ümumi plan 2025-ci ildə 185, 2026-cı ildə 210 olub. İnformasiya təhlükəsizliyi üzrə isə hər iki ildə ümumilikdə 210 plan yeri ayrılıb.
Azərbaycan Texniki Universitetində informasiya texnologiyaları üzrə 2025-ci ildə müxtəlif tədris dilləri və bölmələr üzrə ümumilikdə 155, 2026-cı ildə 140 plan yeri nəzərdə tutulub. İnformasiya təhlükəsizliyi üzrə isə göstərici 110-dan 120-yə yüksəlib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları üzrə ümumi plan hər iki ildə 170, informasiya təhlükəsizliyi üzrə isə 90 yer olub.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) informasiya texnologiyaları üzrə ümumi plan həm 2025, həm də 2026-cı ildə 120 yer təşkil edib. İnformasiya təhlükəsizliyi üzrə də göstərici dəyişməyərək 120 yer olub.
Bakı Mühəndislik Universitetində informasiya texnologiyaları üzrə 140, informasiya təhlükəsizliyi üzrə 85 plan yeri ayrılıb. Hər iki göstərici 2025-ci illə müqayisədə dəyişməyib.
ADA Universitetində informasiya texnologiyaları üzrə 2025-ci ildə dövlət sifarişli və ödənişli yerlər birlikdə 100 plan yeri olduğu halda, 2026-cı ildə bu göstərici 80-ə düşüb.
Milli Aviasiya Akademiyasında informasiya texnologiyaları üzrə plan dəyişməyib. Həm 2025, həm də 2026-cı ildə bu ixtisasa 30 yer ayrılıb.
Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi üzrə 2025-ci ildə 20 dövlət sifarişli və 10 ödənişli, ümumilikdə 30 plan yeri olub. 2026-cı ildə də eyni bölgü saxlanılıb – ümumi plan 30 yer təşkil edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında informasiya təhlükəsizliyi üzrə 20, informasiya texnologiyaları üzrə isə 20 plan yeri ayrılıb. Hər iki ixtisas üzrə göstəricilər 2025-ci illə müqayisədə dəyişməyib.
Naxçıvan Dövlət Universitetində informasiya texnologiyaları üzrə plan 2025-ci ildə 30 yer olduğu halda, 2026-cı ildə Azərbaycan və türk dillərində tədris nəzərə alınmaqla 50 yerə çatıb. İnformasiya təhlükəsizliyi üzrə plan isə 15-dən 35-ə yüksəlib.
Azərbaycan Dövlət Aqrar Universitetində informasiya texnologiyaları üzrə plan yerlərinin sayı 60-dan 75-ə artırılıb.
Azərbaycan Texnologiya Universitetində informasiya texnologiyaları üzrə plan 50-dən 60-a, informasiya təhlükəsizliyi üzrə isə 25-dən 40-a yüksəlib.
Sumqayıt Dövlət Universitetində informasiya texnologiyaları üzrə yerlərin sayı 90-dan 100-ə, informasiya təhlükəsizliyi üzrə isə 50-dən 75-ə çatdırılıb.
Mingəçevir Dövlət Universitetində informasiya texnologiyaları üzrə 75 yerlik plan dəyişməyib. İnformasiya təhlükəsizliyi üzrə isə plan 30-dan 40-a artırılıb.
Lənkəran Dövlət Universitetində informasiya texnologiyaları üzrə plan yerlərinin sayı 50-dən 60-a, informasiya təhlükəsizliyi üzrə 30-dan 40-a yüksəlib.
Qarabağ Universitetində 2026-cı ildə informasiya təhlükəsizliyi ixtisası üzrə 25 plan yeri ayrılıb. 2025-ci ilin təqdim olunan qəbul planında isə universitetdə bu ixtisas yer almayıb.
Özəl ali təhsil müəssisələrinə gəlincə, Azərbaycan Universitetində informasiya texnologiyaları üzrə plan 40-dan 50-yə yüksəlib. İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan və ingilis dillərində tədris birlikdə nəzərə alındıqda plan 40-dan 50-yə çatıb.
Qərbi Kaspi Universitetində informasiya texnologiyaları üzrə ümumi plan hər iki ildə 70, informasiya təhlükəsizliyi üzrə isə 65 yer olub.
Xəzər Universitetində informasiya təhlükəsizliyi üzrə plan yerlərinin sayı 2025-ci ildə 30, 2026-cı ildə 50 olub. Beləliklə, bu ixtisas üzrə 20 yerlik artım qeydə alınıb.
Bakı Avrasiya Universitetində informasiya texnologiyaları üzrə plan dəyişməyərək 50 yer təşkil edib.
“Odlar Yurdu” Universitetində informasiya texnologiyaları üzrə ümumi plan 60-dan 50-yə düşüb. İnformasiya təhlükəsizliyi üzrə isə əksinə, plan 25-dən 40-a yüksəlib.
Bakı Biznes Universitetində informasiya texnologiyaları üzrə 100 plan yeri saxlanılıb. İnformasiya təhlükəsizliyi üzrə isə plan 25-dən 30-a qaldırılıb.
Beləliklə, apardığımız müqayisələr onu göstərir ki, 2026-cı ildə xüsusilə informasiya təhlükəsizliyi üzrə plan yerlərinin artırılması tendensiyası müşahidə olunur. BDU-da Azərbaycan bölməsi üzrə yerlər 25-dən 50-yə yüksəlib və əlavə olaraq rus bölməsi üzrə 25 yer ayrılıb. Sumqayıt Dövlət Universitetində artım 25, Naxçıvan Dövlət Universiteti və Xəzər Universitetində 20, Azərbaycan Texnologiya Universiteti və “Odlar Yurdu” Universitetində 15 yer təşkil edib.
İnformasiya texnologiyaları üzrə isə ADNSU-da plan 25, Naxçıvan Dövlət Universitetində 20, Azərbaycan Dövlət Aqrar Universitetində 15, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və “Azərbaycan” Universitetində 10 yer artırılıb. Bununla yanaşı, ADA Universitetində və “Odlar Yurdu” Universitetində bu ixtisas üzrə plan yerlərində azalma qeydə alınıb.
Mənbə: Modern.az