Türkiyənin viza azadlığına gedən yolunda qalan 6 meyar
Avropa İttifaqı ilə Türkiyə arasında viza liberallaşdırılması prosesində 13 ildən artıqdır həllini gözləyən 6 meyar yenidən gündəmə gəlib. 2013-cü ildə başlayan proses çərçivəsində müəyyən edilən 72 meyardan 66-nın yerinə yetirildiyi bildirilir. Qalan tələblər isə əsasən terrorla mübarizə qanunvericiliyi, şəxsi məlumatların qorunması, korrupsiyaya qarşı mübarizə, Europol və məhkəmə əməkdaşlığı, fundamental hüquqlar və Aİ-Türkiyə Readmissiya Sazişinin effektiv icrası ilə bağlıdır.
Türkiyə hökuməti 8 avqust 2026-cı ildə qalan 6 meyar üzrə yeni işlərin başladığını açıqlayıb. Bəs bu tələblər konkret olaraq nəyi nəzərdə tutur və Türkiyə onları niyə bu qədər uzun müddətdir tamamlaya bilməyib? Viza azadlığı üçün qarşıda hansı hüquqi və siyasi maneələr qalır?
Bu suallar fonunda qalan 6 meyarın mahiyyətinə və onların illərdir niyə yerinə yetirilmədiyinə nəzər salaq.
Mövzu ilə bağlı TBMM millət vəkili Şamil Ayrım Modern.az-a açıqlamasında 6 meyar və onların funksiyalarından bəhs edib:
“Bu 6 meyarın uzun müddət gözləməsinin səbəbi texniki çatışmazlıqlardan daha çox, Türkiyənin təhlükəsizlik prioritetləri ilə Aİ-nin hüquq və fundamental hüquqlar standartları arasındakı fikir ayrılıqları olub. Avropa Komissiyasının sənədlərində də xüsusilə terrorla mübarizə qanunvericiliyi, şəxsi məlumatların qorunması, Europol ilə əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, məhkəmə əməkdaşlığı və Readmissiya Sazişi başlıqları uzun müddətdir tamamlanmamış meyarlar kimi göstərilir.
Artıq meyarların uzun müddət gözləməsi və gecikməsi üzərində dayanmaq lazım deyil. Əsas məsələ hazırda bu meyarlarla bağlı hansı işlərin aparılmasıdır. Bu işlər aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
Türkiyə-Aİ Readmissiya Sazişinin 16 dekabr 2013-cü ildə imzalanması ilə başlayan Viza Liberallaşdırılması Dialoqu prosesi çərçivəsində müəyyən edilmiş 72 meyardan 66-sı Türkiyə tərəfindən yerinə yetirilib, geridə isə 6 meyar qalıb.
6 meyarla bağlı hazırkı vəziyyət belədir:
1. Şəxsi məlumatların qorunması qanunvericiliyinin Aİ standartlarına uyğunlaşdırılması
6698 saylı Şəxsi Məlumatların Qorunması Qanununun Aİ müktesebatına uyğunlaşdırılması ilə bağlı Aİ-nin gözləntilərinin qarşılanması məqsədilə Ədliyyə Nazirliyinin koordinasiyası ilə qanun layihəsi hazırlanır.
2. Europol ilə əməkdaşlıq sazişinin bağlanması və həyata keçirilməsi
Avropa Komissiyası ilə saziş layihəsinin mətni üzrə ümumi razılıq əldə edilib. Sazişin imzalanması üçün ilkin şərt Şəxsi Məlumatların Qorunması Qanununun Aİ standartlarına uyğunlaşdırılmasıdır.
3. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə Fəaliyyət Planı”nın və Avropa Şurasının GRECO-nun (Korrupsiyaya qarşı Dövlətlər Qrupunun) tövsiyələrinin həyata keçirilməsi
Prezident Administrasiyasının Strategiya və Büdcə İdarəsi sözügedən fəaliyyət planının hazırlanması istiqamətində iş aparır.
4. Terrorla mübarizə qanunvericiliyinin nəzərdən keçirilməsi
5-ci və 4-cü Məhkəmə Paketləri ilə Terrorla Mübarizə Qanununa (TMQ) və Cinayət Prosessual Məcəlləyə dəyişikliklər edilib. Aİ Türkiyə Cinayət Məcəlləsinin 220-ci maddəsinin 6-cı bəndinin ləğv edilməsini tövsiyə edir. 9 yanvar 2025-ci il tarixli “Rəsmi Qəzet”də dərc olunan 2024/189 saylı Konstitusiya Məhkəməsi qərarı ilə sözügedən müddəa ləğv edilib. Aİ tərəfindən TMQ-nun üzü örtmə ilə bağlı müddəasının dəyişdirilməsi və TMQ-nun “Toplantı və Nümayiş Yürüşləri Qanunu” ilə birlikdə tətbiqinə son qoyulması gözlənilir.
5. Bütün Aİ üzv dövlətləri ilə cinayət məsələləri üzrə effektiv məhkəmə əməkdaşlığının təmin edilməsi
Cənubi Kipr Rum Administrasiyası ilə birbaşa təmasa səbəb olmayacaq şəkildə məhkəmə əməkdaşlığının həyata keçirilməsini təmin edəcək mexanizm üzərində iş aparılır. Bu məsələdə bütün Aİ üzv dövlətləri tərəfindən tanınmayan Kosovo ilə bağlı tətbiq olunan üsul — xüsusilə Aİ-nin Türkiyədəki nümayəndəliyi olmaqla, uyğun üçüncü tərəf vasitəsilə əməkdaşlığın təmin edilməsi — nümunə kimi nəzərdən keçirilə bilər. Şəxsi Məlumatların Qorunması Qanununun Aİ standartlarına uyğunlaşdırılması da bu meyarın yerinə yetirilməsinə töhfə verə bilər.
6. Türkiyə-Aİ Readmissiya Sazişinin bütün müddəalarının həyata keçirilməsi
Saziş hazırda yalnız Türkiyə vətəndaşlarına münasibətdə tətbiq olunur. Sazişin üçüncü ölkə vətəndaşlarına münasibətdə tətbiqinə isə Türkiyə vətəndaşları üçün viza liberallaşdırılması təmin edildikdən sonra başlanacaq.
TBMM millət vəkili Eylem Ertuğrul da Modern.az-a açıqlama verib:
“Meyarların uzun müddət gözlədilməsinin səbəbi, şübhəsiz ki, hakimiyyətin hüququn aliliyindən uzaqlaşması və tarazlıq-nəzarət mexanizmlərini ləğv etməsidir. Əgər bu gün Aİ standartlarından danışılacaqsa, bu, xarici siyasət güzəşti kimi deyil, Türkiyə Respublikası vətəndaşlarının insan ləyaqətinə yaraşan həyat sürməsi, ədalətli mühakimə olunması və pasportlarının dünyada nüfuza malik olması üçün daxili demokratiya zərurəti kimi qiymətləndirilməlidir.

Avropa Parlamentində 17 iyun 2026-cı il tarixində keçirilən səsvermədə Türkiyə ilə bağlı hesabat 381 lehinə, 107 əleyhinə və 171 bitərəf səslə, yəni 381-ə qarşı 278 səslə qəbul edilib. Məruzəçi Naço Sançez Amor tərəfindən hazırlanan mətndə Türkiyənin Aİ-yə üzvlük prosesinin mövcud formatda davam edə bilməyəcəyi və fərqli əməkdaşlıq modelinin nəzərdən keçirilməsinin zəruri olduğu vurğulanıb. Hakimiyyət Aİ cəbhəsindəki uğursuz və səmərəsiz fəaliyyətinin üzərini “Pozitiv Gündəm” kimi ifadələrlə örtməyə çalışır, lakin sözügedən hesabatda üzvlük danışıqlarının faktiki olaraq dayanma nöqtəsinə gəldiyi, insan hüquqları, hüququn aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi sahələrində ciddi geriləmələrin yaşandığı qeyd edilir.
Lakin dünyada demokratik rejim qura bilməmiş bir dövlət kimi münasibət görməyə bizim razılığımız ola bilməz. Biz 150 illik parlament, 103 illik Respublika və 80 illik çoxpartiyalı rejim tarixçəsinə malik bir ölkəyik. Qadın hüquqları başda olmaqla, bir çox sosial islahatları əksər Avropa ölkələrindən əvvəl həyata keçirmişik. Türkiyə Respublikasının tarixi təcrübəsi və dövlətçilik ənənəsi, hətta viza azadlığı kimi bir hüququ belə vətəndaşlarına layiq görməyən bir modelə razı olmayacaq”.
Nicat Rüstəm
Mənbə: Modern.az