Naxçıvanı Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisindən – REPORTAJ
“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasını Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisini davam etdirir.
Oxu.Az xəbər verir ki, “Report” Ordubad rayonunda həyata keçirilən işlərlə maraqlanıb, həmin ərazidən reportaj hazırlayıb.
Tikinti işləri Azərbaycan-Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə aparılır. 2025-ci ilin sonundan başlanılan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir.
Xəttin ox üzrə uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometrdir. Dəmir yolu boyunca ümumilikdə 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiyanın, 3 platformanın, 29 körpünün, 11 yolötürücünün və müxtəlif keçidlərin inşası və yenidən qurulması nəzərdə tutulur. Marşrut boyunca yerləşən 12 qoruyucu qalereya əsaslı şəkildə yenidən qurulur. Eyni zamanda, yolötürücülər, beton kanallar və digər mühəndis qurğuları üzrə işlər davam etdirilir.
Hazırda 6 kilometrlik hissədə torpaq işləri tamamlanıb, Salamməlik stansiyasından başlayaraq 700 metrlik hissədə yeni rels-şpal çərçivələri quraşdırılıb. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
Naxçıvanda yenidən qurulan dəmir yolu şəbəkəsi Ordubad tərəfdən, Horadiz-Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşması nəzərdə tutulur. Eyni zamanda, bu marşrut Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını yaradacaq.
Mənbə: Oxu.az