Ötən il SOCAR Türkiyədəki satışından gəlirlərini 71 % artırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə satışdan əldə etdiyi 86 milyard 309 milyon manat gəlirin 50 milyard 582 milyon manatı və yaxud 58.6%-i İsveçrənin payına düşüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6.1% azdır.
Ötən il SOCAR-ın Türkiyədəki əsas əməliyyat gəlirləri isə 16 milyard 510 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 71.1% çoxdur.
Hesabat dövründə SOCAR-ın Azərbaycandakı satış hesabına gəlirləri 66.7% artaraq 13 milyard 682 milyon manat olub.
Ötən il Birləşmiş Ərəb Əmirliklərindəki satış hesabına gəlirləri 8.7 dəfə azalaraq 1 milyard 14 milyon manat, Gürcüstandakı satış hesabına gəlirləri isə 6.9 % artaraq 1 milyard 664 milyon manat təşkil edib.
Digər ölkələrdəki satış hesabına gəlirləri isə 10.5% artaraq 2 milyard 857 milyon manat olub.
Mənbə: Oxu.az