Tələbələrə şad xəbər: elektron diplomları bu tarixdən əldə edə biləcəksiniz
Azərbaycanda ali təhsil müəssisələrində təhsilini başa vuran məzunların diplomlarını aylarla gözləməsi son illər tez-tez müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə magistratura təhsilini davam etdirmək, xarici universitetlərə müraciət etmək və ya əmək fəaliyyətinə başlamaq istəyən gənclər üçün diplomun vaxtında təqdim olunması mühüm əhəmiyyət daşıyır. Təhsil sənədlərinin elektronlaşdırılması və elektron diplom sisteminə keçidin bu prosesi sürətləndirəcəyi gözləntiləri olsa da, bir sıra ali təhsil müəssisələrində gecikmələr hələ də qalmaqdadır. Eyni zamanda diplomların gec təqdim edilməsi təkcə məzunların planlarına təsir göstərmir, eləcə də ali təhsil müəssisələrində sənəd dövriyyəsinin səmərəliliyi ilə bağlı bir sıra suallar yaradır.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, ali təhsil müəssisələrində diplomların verilməsinin gecikmə səbəbi ondan ibarətdir ki, müəyyən qiymətləndirmələr, imtahan nəticələri, diplom işləri və digər proseslər tam şəkildə yekunlaşmalıdır.
“Bu proseslər başa çatdıqdan sonra müvafiq müraciətlər daxil olur, əmrlər verilir və digər prosedurlar həyata keçirilir. Buna görə də bu proses müəyyən qədər vaxt aparır. Amma gələcəkdə bunun elektron qaydaya keçirilməsi nəzərdə tutulur. Elektron sistem tətbiq edildikdən sonra diplomların daha çevik formada əldə edilməsi mümkün olacaq”.
Ekspert həmçinin vurğulayıb ki, diplomların gec təqdim olunması məzunların işə qəbulu zamanı müəyyən problemlər yaradır:
“Lakin artıq bir çox xidmətlərin elektron sistem üzərindən həyata keçirildiyini nəzərə alsaq, düşünürəm ki, bu problem də aradan qalxmış olacaq.
Diplomların verilməsi ilə bağlı bir çox ali təhsil müəssisələrində, həm dövlət, həm də özəl universitetlərdə gecikmələr müşahidə olunur. Bəzi hallarda bu proses oktyabr ayına qədər uzanır, bəzi universitetlərdə isə hətta noyabr və ya yanvar ayına qədər davam edir. Yəni, burada həm dövlət, eləcə də özəl ali təhsil müəssisələrindən söhbət gedir”.
E.Əfəndi onu da əlavə edib ki, diplomların elektron qaydada verilməsinə başlanıldıqdan sonra bu kimi mövcud bürokratik problemlər aradan qalxacaq:
“Nəticə etibarilə diplomları daha çevik və qısa müddətdə əldə etmək mümkün olacaq, həmçinin onları iş üçün dövlət qurumlarına və ya xaricdə təhsil almaq məqsədilə xarici ali təhsil müəssisələrinə təqdim etmək daha əlçatan olacaq”.
Təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, hazırda xarici ali təhsil müəssisələrində təhsil alanlara attestatlar, magistraturaya müraciət etmək istəyənlərə isə universitet diplomları lazımdır və bu istiqamətdə yaranan gecikmə həqiqətən də arzuolunmazdır. Onun sözlərinə görə, xüsusilə elektron diplomlara keçid ərəfəsində bu prosesin ləngiməsi müəyyən qədər işin səmərəliliyinə kölgə salır:
“Diplomların gec verilməsi həm xaricdə təhsil almaq istəyən gənclərin sənədlərini vaxtında əldə etməsinə, həm də magistratura üçün müraciət edənlərin universitet diplomlarını tez almasına mənfi təsir göstərir. Biz düşünürdük ki, diplomlar elektronlaşdırıldığı təqdirdə bu proses daha sürətli həyata keçiriləcək və gənclər diplomlarını daha qısa müddətdə əldə etmək imkanı qazanacaqlar. Amma təəssüf ki, hazırda bunun əksini müşahidə edirik.

Əsasən ali təhsil müəssisələri diplomları gec təqdim etmələri ilə diqqət çəkir. Əvvəlki illərdə də bəzi universitetlərdə diplomların oktyabr aylarında verildiyini müşahidə etmişik. Lakin elektron diplom sisteminə keçidin bu prosesi sürətləndirəcəyi qaçılmazdır. Düşünürəm ki, bu il sistem ilk dəfə tətbiq olunduğu üçün müəyyən gecikmələr yaşana bilər”.
R.Nurəliyev onu da nəzərə çatdırıb ki, yay ayları ərzində elektron diplomlar ali təhsil müəssisələrini bitirən tələbələrə təqdim olunacaq:
“Elektron diplom sisteminin özü isə çox müsbət bir yenilikdir. Bu, Avropada və qardaş Türkiyədə tətbiq olunan bir sistemdir və müsbət nəticələr verir. Həm əmək bazarında işəgötürənlər diplomun həqiqiliyini və qanuniliyini rahat şəkildə yoxlaya bilir, həm də təhsilini daha yüksək pillədə davam etdirmək istəyən gənclər – bakalavr, magistratura və doktorantura səviyyələrində diplomlarını daha rahat əldə edib təqdim etmək imkanı qazanırlar.
Elektron diplomların QR kod vasitəsilə yoxlanılması onların həqiqiliyinin həm işəgötürənlər, həm də yerli və xarici ali təhsil müəssisələri tərəfindən daha asan təsdiqlənməsinə şərait yaradır. Buna görə də elektron diplomların tətbiqi çox müsbət addımdır. Biz inkişaf edirik və dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğunlaşırıq. Ona görə də hesab edirəm ki, elektron diplomların Azərbaycanda tətbiqi çox uğurlu bir təşəbbüs kimi qiymətləndirilə bilər”, – deyə ekspert qeyd edib.
Mənbə: Modern.az
