Yaxın Şərqdəki siyasi vəziyyət qlobal birjalarda nefti bahalaşdırır
Qlobal bazarlarda neft bahalaşmaqda davam edir. ABŞ və İran arasında mövcud olan münaqişənin diplomatik yolla həll edilməməsi səbəbindən birja iştirakçılarının Yaxın Şərqdən xammal təchizatında yarana biləcək problemlərlə bağlı təşvişi daha da artır.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.61 dollar (0.67%) artaraq bir barel üçün 91.48 dollara satılıb. Əvvəlki sessiyada isə “Brent” 2.35 dollar (2.65%) bahalaşaraq bir barel üçün 90.87 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.73 dollar (0.86%) bahalaşaraq bir barel üçün 85.23 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neft 2.1 dollar (2.55%) artaraq bir barel üçün 84.5 dollara satılmışdı.
Mənbə: Oxu.az