Bakı Mühəndislik Universitetinin 2026-cı il üzrə birincisi
Bakı Mühəndislik Universitetinin (BMU) kompüter mühəndisliyi ixtisasının məzunu Zərifə Əlili 98.68 balla 2026-cı il üzrə ali məktəbin birincisi olub.
Bu barədə Modern.az-a BMU-dan bildirilib.
O, Qax rayonu şəhid Əziz Abdullayev adına Marsan kənd tam orta məktəbini bitirib. 2022-ci ildə DİM-in qəbul imtahanlarından 626 bal toplayaraq BMU-nun kompüter mühəndisliyi ixtisasına qəbul olub. Bu sahəni seçməyi xüsusi bir səbəblə başlayıb. Orta məktəbdə oxuduğu illərdə İnformatika fənni zamanı kömpüterdən istifadə imkanının dərs saatı ilə əlaqədar məhdudluğu, bu gərəkli texniki cihazda ürəyi istəyən qədər çalışa bilməməsi onda dərin məyusluq yaradıb.
“Gələcəkdə elə yol seçəcəm ki, kompüter artıq mənim həyatımın bir parçası olsun”- deyə kömpüter mühəndisliyi ixtisası üzrə mütəxəssis olmağa qərar verib. Məqsədyönlülüyü onu bu arzusuna qovuşdurub. Universitet həyatında da daim oxuyan, fəallıq göstərən, intizamı ilə fərqlənən Zərifə müxtəlif layihələrə qatılıb və mükafatlar qazanıb. Elm və Təhsil Nazirliyinin, həmçinin Təhsilin İnkişafı Fondunun müxtəlif təqaüd proqramlarının qaliblərindən biri olub.
Zərifə Əlili gənclərimizin keyfiyyətli və beynəlxalq standartlara uyğun təhsil alması üçün yaradılan geniş imkanlara, diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirirır. Eyni zamanda, yüksəkixtisaslı kadrların hazırlanması, tələbələrin hərtərəfli inkişafı üçün əlverişli mühitin formalaşdığı BMU-dan bəhs edərək vurğulayır ki, qazandığı uğurlarda bu şəraitin və müəllimlərinin əməyi əvəzsizdir. Onlar öz zəngin bilik və təcrübələrini əsirgəməyib, peşəkar və şəxsi inkişafına töhfə veriblər.
BMU birincisinin ən böyük minnətdarlığı isə hər zaman yanında olan valideynlərinədir. Çünki tələbəlik həyatının ilk günündən etibarən ona güvəniblər; universitet birincisi olacağına inanıb, uğurlarına daim sevinib və çətinliklərində hər zaman dayaq olublar.
Magistratura təhsilini də BMU-da almağı planlayan Zərifə Əlili əmin edir ki, layiqli vətəndaş, peşəkar mütəxəssis olacaq. Azərbaycanın Zəfəri, inkişafı və əldə etdiyi nailiyyətlərlə hər zaman qürur duyacaq, ölkəmizin tərəqqisinə öz bilik və əməyi ilə töhfə verməyə çalışacaq.
Mənbə: Modern.az
