Boş qalan plan yerləri uğrunda ciddi rəqabət gözlənilir
Ali təhsil müəssisələrində plan yerlərinin 97 faizinin dolmasına baxmayaraq, boş qalan yerlər uğrunda da ciddi rəqabət gözlənilir.
Bunu Modern.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.
Onun sözlərinə görə, müsabiqədən kənarda qalan 28 mindən çox abituriyent boş qalan plan yerləri üzrə keçiriləcək qəbul mərhələsində iştirak etməyə çalışacaq.
“Plan yerlərinin 97 faizi dolub. Yerdə qalan 3 faiz boş yerlər üzrə təxminən 28 mindən çox müsabiqədən kənarda qalan abituriyent mübarizəsini davam etdirəcək. Amma burada vacib bir məqam var. Kiminsə əvvəl balı çatmayıbsa və həmin ixtisas üzrə boş yer qalıbsa, bu o demək deyil ki, həmin abituriyent ora müraciət edib qəbul oluna biləcək. Keçid balı artıq formalaşıb. Həmin ixtisasa yenidən müraciət etsə belə, yenə müsabiqədən kənarda qalacaq”.
Ekspert bildirib ki, boş qalan yerlər daha çox əvvəlki seçim zamanı həmin ixtisasları qeyd etməyən abituriyentlər üçün imkan yaradır:
“Boş qalan yerlər daha çox o abituriyentlər üçün şansdır ki, əvvəlki seçim zamanı həmin ixtisasları yazmayıblar, halbuki topladıqları bal buna imkan verirdi. Hesab edirəm ki, bu mərhələdən sonra plan yerlərinin dolma göstəricisi daha da yüksələcək. Təxminən 1-1,5 faiz artaraq 99 faizə çata bilər”.
Ə.Həsənlinin fikrincə, boş qalan yerlərə ən çox müraciət I və III ixtisas qruplarından olacaq:
“Mən düşünürəm ki, boş qalan yerlərə ən çox müraciət I ixtisas qrupunun Riyaziyyat-İnformatika alt qrupu üzrə, eləcə də III ixtisas qrupunun abituriyentləri tərəfindən olacaq. Əgər həmin istiqamətlər üzrə boş yerlər qalarsa, onlar bu imkandan istifadə etməyə çalışacaqlar”.
Ekspert vurğulayıb ki, boş yerlərin sayı çox az olduğundan abituriyentlər seçim zamanı yenə də diqqətli olmalıdırlar:
“Boş qalan yerlər cəmi 3 faizdir və bu, kifayət qədər aşağı göstəricidir. Jurnal dərc olunduqdan sonra görəcəyik ki, bəzi ixtisaslarda ümumiyyətlə boş yer qalmayıb, bəzilərində isə cəmi 2, 3 və ya 5 yer var. Buna görə də abituriyentlər bu mərhələdə də seçimlərini çox diqqətlə etməlidirlər”.
Qeyd edək ki, boş qalan plan yerlərinə ixtisas seçimi 28 avqust-2 sentyabr tarixlərində aparılacaq.
Mənbə: Modern.az