MİQ sistemində problem yarandı – Namizədlər çaş-baş qaldılar

Dünəndən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ödəniş prosesinə start verilib. Lakin ödəniş prosesinə start veriləndən sonra məlum olub ki, sistemdə qarmaqarışıqlıq yaranıb.

Bu barədə Modern.az-a müsabiqdə iştirak edən namizədlər məlumat veriblər.

Bildirilib ki, sistemdə ödəniş etməli olan bir çox namizədə güzəştli kateqoriyalara aid olmadıqları halda ödənişdən azad edildikləri barədə mesaj gəlib. Bununla yanaşı, güzəştli kateqoriyalardan olan bir sıra namizədlər isə əksinə, ödəniş etməli olduqları barədə xəbərdar ediliblər. Nəticədə namizədlər arasında çaşqınlıq yaranıb və onlar narahatlıqlarını sosial şəbəkələrdə ifadə ediblər.

Bir sutka davam edən problem Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bu gün aradan qaldırılıb.

Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi 9 iyul 2026-cı il saat 15:00-dək aktiv olacaq. 

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.

Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar:

– müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
– şəhid ailəsinin üzvləri;
– müharibə veteranı adı almış şəxslər;
– əlilliyi olan şəxslər;
– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunub.

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək namizədlər ödəniş prosesi ilə video təlimat vasitəsilə tanış ola bilərlər. 

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 manat ödəniş etmək tələb olunur.

MİQ imtahanlarının vaxtının iyulun 10-dan sonra elan olunacağı gözlənilir.


Mənbə: Modern.az

Bir cavab yazın