Aktual Bu gün, 15:10 Ankarada Trampı "qızı" gözləyir

Beynəlxalq ictimaiyyətin diqqəti ABŞ Prezidenti Donald Trumpın NATO sammiti çərçivəsində keçirəcəyi görüş və danışıqlara yönəldiyi bir vaxtda, Türkiyədə fərqli bir mövzu gündəmə gəlib.

Modern.az-ın araşdırmasına görə, Türkiyə vətəndaşı Necla Özmen Ankara 27-ci Ailə Məhkəməsinə müraciət edərək atalığın müəyyənləşdirilməsi ilə bağlı iddia qaldırıb. O, anası ilə Donald Tramp arasında illər əvvəl münasibət olduğunu və həmin əlaqədən dünyaya gəldiyini iddia edir.

Məsələ bir müddətdir ki, sosial şəbəkələrdə də müzakirə olunur. İstifadəçilər Necla Özmenlə Tramp arasında müəyyən fiziki oxşarlıqların olduğunu irəli sürsələr də, bu barədə hər hansı rəsmi təsdiq mövcud deyil.

Məhkəmə ilkin baxış zamanı təqdim olunan materialları kifayət hesab etməyərək iddianı rədd edib. Bununla belə, Necla Özmen apellyasiya şikayəti verib və hüquqi mübarizəsini davam etdirmək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki,bu gün Donald Tramp NATO Sammiti çərçivəsində Türkiyədə səfərdədir.

Mediada yayılan məlumatlara görə, Necla Özmen Trampla görüşmək ümidi ilə ona ünvanlanmış məktub hazırlayıb. Lakin görüşün baş tutub-tutmayacağı və ya məktubun ABŞ prezidentinə çatdırılıb-çatdırılmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, məhkəmə mərhələsində Donald Trampdan DNT nümunəsinin götürülməsi ilə bağlı hər hansı qərar qəbul edilməyib. Bunun əsas səbəbi iddianın təsdiqlənməsi üçün kifayət qədər sübutların təqdim olunmaması olub.

Beynəlxalq mediada zaman-zaman ABŞ prezidentlərinin və digər yüksək vəzifəli şəxslərin təhlükəsizlik məqsədilə şəxsi məlumatlarının, o cümlədən bioloji nümunələrinin qorunması üçün xüsusi tədbirlərin görüldüyünə dair məlumatlar yer alır. Donald Trampın da bütün səfərlərində özü ilə şəxsi ayaqyolu daşıması barədə iddialar gəzir. Qeyd olunur ki, ABŞ prezidenti heç yerdə bioloji iz buraxmaq istəmir.

Beləliklə, Ankara məhkəmələrində davam edən bu hüquqi mübahisənin necə nəticələnəcəyi və Necla Özmenin Trampla görüşə bilib-bilməyəcəyi hələlik açıq qalır. NATO sammiti və yüksək səviyyəli siyasi təmasların kölgəsində qalan bu hadisənin Türkiyə mediasında hələ çox müzakirə ediləcəyi gözlənilir.


Mənbə: Modern.az

Bir cavab yazın