Aktual Bu gün, 15:15 Avropa Komissiyası ilə münasibətlərimiz mühüm mərhələdədir
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Bu səfər bir daha göstərdi ki, Azərbaycan artıq Avropa üçün təkcə etibarlı enerji tərəfdaşı deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji əlaqələrin formalaşmasında əsas aktorlardan biridir.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə keçirdiyi görüşlərdə və mətbuata bəyanatlarda səslənən fikirlər Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Təsadüfi deyil ki, son aylarda Avropa İttifaqının ən yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri baş tutur. Bu dinamika qarşılıqlı etimadın və tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xüsusilə 2022-ci ildə enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizdən Avropa İttifaqına təbii qaz ixracı əhəmiyyətli dərəcədə artıb. Hazırda Azərbaycanın qazı Avropa İttifaqının on üzv dövlətinə çatdırılır və bu coğrafiyanın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur.
Lakin əməkdaşlıq artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Müasir geosiyasi reallıqlar fonunda nəqliyyat dəhlizləri, logistika, rəqəmsal infrastruktur, elektrik enerjisinin ötürülməsi və yaşıl enerji kimi istiqamətlər strateji əhəmiyyət qazanır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycanı Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas bağlantı mərkəzi kimi qiymətləndirməsi də məhz bu reallığın təsdiqidir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri regionun iqtisadi xəritəsini dəyişdirən layihələrdir. Yeni geosiyasi şərait bu marşrutların əhəmiyyətini daha da artırır. Bu baxımdan ölkəmizin liman, dəmir yolu və logistika infrastrukturuna yatırdığı investisiyalar həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin maraqlarına xidmət edir.
Səfər zamanı diqqət çəkən əsas məqamlardan biri də Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək oldu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, məqsəd təkcə sülh sazişinin imzalanması deyil, regionda uzunmüddətli və davamlı təhlükəsizlik mühitinin formalaşdırılmasıdır. Dayanıqlı sülh yeni iqtisadi layihələrin reallaşmasına, regional əməkdaşlığın genişlənməsinə və Cənubi Qafqazın inkişaf məkanına çevrilməsinə imkan yaradacaq.
Ursula Fon der Lyayenin Bakıda Regional Bağlantı Sərmayə Konfransının keçirilməsi təşəbbüsü də Azərbaycanın regionun əsas iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi qəbul olunduğunu göstərir. Bu yanaşma Avropa İttifaqının ölkəmizə uzunmüddətli strateji tərəfdaş kimi baxdığını bir daha təsdiqləyir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olur. Qarşılıqlı etimad, ortaq maraqlar və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurulan bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələrin deyil, bütövlükdə regionun sülhü, təhlükəsizliyi və davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Malik Həsənov,
Milli Məclisin deputatı
Mənbə: Modern.az
