İordaniya Qarabağa investisiya imkanlarını dəyərləndirəcək

İordaniya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya imkanlarının dəyərləndirilməsində maraqlı olduğunu bəyan edib.

Modern.az xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Əymən Əs Safadi xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Modern.az-ın İordaniyanın Qarabağdakı bərpa və yenidənqurma işlərinə investisiya qoymağı planlaşdırıb-planlaşdırmaması ilə bağlı sualını cavablandırarkən deyib.

Nazir bildirib ki, İordaniya Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşmanı alqışlayır və onu tam dəstəkləyir.

“Qeyd etdiyim kimi, Azərbaycan və Ermənistan arasında əldə olunmuş son razılaşmanı alqışlayır və dəstəkləyirik. Biz hesab edirik ki, bu razılaşma Azərbaycan-Ermənistan əməkdaşlığı vasitəsilə regionu dinc inkişaf yoluna çıxaracaq. Bu əməkdaşlıq birgə investisiyalar da daxil olmaqla müxtəlif sahələri əhatə edə bilər”, – deyə o qeyd edib.

Əymən Əs Safadinin sözlərinə görə, bugünkü görüşlərdə əsas diqqət iqtisadi əlaqələrin inkişafına yönəlib.

“Bu gün keçirdiyimiz görüşün nəticələrindən biri də təkcə ticarət, sənaye, turizm və təhsil deyil, həm də hər iki ölkənin fayda əldə edə biləcəyi investisiya istiqamətlərini müəyyənləşdirməkdir”, – nazir vurğulayıb.

İordaniyanın xarici işlər naziri əlavə edib ki, ölkəsi Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür.

“Biz qardaş Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar görürük. Qarşılıqlı fayda verəcək və qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirəcək bütün potensial əməkdaşlıq imkanlarını dəyərləndirəcəyik”, – deyə Əymən Əs Safadi bildirib.


Mənbə: Modern.az

Bir cavab yazın