IV qrup abituriyentləri üçün şans – Məleykə Abbaszadə AÇIQLADI
IV ixtisas qrupu üzrə yüksək bal toplayaraq ali məktəbə qəbul olunmayan bəzi abituriyentlər üçün hərbi tibb və hərbi mühəndislik istiqamətlərində əlavə imkanlar yaradılıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib.
O bildirib ki, bu il IV ixtisas qrupu üzrə, xüsusilə tibb ixtisaslarında yüksək rəqabət müşahidə olunub. Nəticədə 600-dən yuxarı bal toplayan bəzi abituriyentlər də istədikləri mülki ixtisaslara qəbul ola bilməyiblər.
Məleykə Abbaszadənin sözlərinə görə, müvafiq hərbi qurumla aparılmış müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranmış əlavə yerlərə müəyyən edilmiş tələblərə cavab verən yüksək nəticəli IV qrup abituriyentlərinin müraciət edə bilməsi nəzərdə tutulur.
DİM sədri qeyd edib ki, hərbi tibb üzrə təhsil almaq istəyən namizədlərin tibbi müayinədən keçməsi yeni tələb deyil və bu şərt hərbi tibb ixtisaslarına qəbul zamanı əvvəllər də tətbiq olunub.
Bundan başqa, hərbi mühəndislik istiqamətləri üzrə qalan yerlərlə bağlı da IV ixtisas qrupu abituriyentləri üçün əlavə imkan yaradılır.
IV ixtisas qrupu üzrə 450 və daha yüksək bal toplayan, müəyyən edilmiş tələblərə cavab verən namizədlər həmin yerlərə müraciət edə biləcəklər.
Məleykə Abbaszadə bildirib ki, bu abituriyentlərin buraxılış imtahanında riyaziyyat üzrə nəticələri mövcuddur, IV ixtisas qrupu üzrə qəbul imtahanında isə onlar fizika və kimya fənlərindən imtahan veriblər. Bu səbəbdən namizədlərin müvafiq hərbi mühəndislik proqramlarında təhsil almaq üçün zəruri fənn hazırlığının qiymətləndirilməsi mümkündür.
Qəbul şərtləri, tibbi və digər tələblər, həmçinin müraciət qaydası müvafiq hərbi qurum tərəfindən rəsmi şəkildə elan ediləcək.
DİM sədri vurğulayıb ki, söhbət keçirilmiş müsabiqənin nəticələrinin dəyişdirilməsindən və ya ayrı-ayrı şəxslərə fərdi üstünlük verilməsindən getmir. Yaranmış əlavə yerlərlə bağlı məlumat müəyyən olunmuş tələblərə cavab verən bütün potensial namizədlər üçün açıq şəkildə elan olunur.
Məleykə Abbaszadə eyni zamanda diqqətə çatdırıb ki, hərbi tibb və hərbi mühəndislik yalnız ali məktəbə qəbul olmaq üçün alternativ yol kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, bu istiqamətlərin seçilməsi gələcək peşə ilə yanaşı, hərbi xidmətin də seçilməsi deməkdir. Buna görə də bu imkandan yalnız həmin sahələrə həqiqi marağı olan və gələcəyini hərbi peşə və xidmətlə bağlamağa hazırlaşan gənclərin istifadə etməsi məqsədəuyğundur.
Mənbə: Modern.az