Alkoqolsuz pivə ilə bağlı bilmədiklərimiz – Diabet iddiasına CAVAB

0

İnternetdə alkoqolsuz pivənin iki-üç şüşəsinin insulin səviyyəsində kəskin artıma səbəb olduğu, mədəaltı vəziyə zərər verdiyi və müntəzəm istehlak zamanı şəkərli diabetə gətirib çıxardığı barədə iddialar yayılır. Lakin elmi araşdırmalar vəziyyətin daha mürəkkəb olduğunu göstərir..

Modern.az xəbər verir ki, bununla bağlı araşdırma “Nutrients” elmi jurnalında dərc olunub. Nəticələrə əsasən məlum olub ki, alkoqolsuz pivənin tərkibində həqiqətən karbohidratlar var və onun qanda şəkərin səviyyəsinə təsiri konkret məhsulun tərkibindən asılıdır.

Sağlam könüllülərin iştirakı ilə aparılan bir araşdırmada adi alkoqolsuz pivənin qlikemik indeksi 80 olub. Bununla belə, tədqiqatçılar qlükoza məhlulu ilə müqayisədə yeməkdən sonra insulin səviyyəsində əhəmiyyətli artım müşahidə etməyiblər.

Digər araşdırmalar da içkinin tərkibinin mühüm rol oynadığını göstərir. Tədqiqatlardan birində müxtəlif növ alkoqolsuz pivələrin qlükoza və insulin göstəricilərinə fərqli təsir etdiyi müəyyən edilib. Karbohidrat tərkibi dəyişdirilmiş içkilər adi alkoqolsuz pivə ilə müqayisədə daha zəif metabolik reaksiya yaradıb.

Elmi araşdırmalarla bəzi alkoqolsuz pivə növlərinin mənfi təsir göstərə biləcəyinə dair məlumatlar da yayılıb. 2025-ci ildə 44 sağlam gənc kişinin iştirakı ilə aparılan araşdırmada dörd həftə ərzində hər gün 660 ml içki qəbul edilməsi buğda və ya qarışıq tərkibli alkoqolsuz pivə içən iştirakçılarda bəzi metabolik göstəricilərin artmasına səbəb olub. Lakin təsir konkret içkinin növündən asılı olub və araşdırma diabetin inkişaf etdiyini sübut etməyib.

Bundan əlavə, 2-ci tip diabet və artıq çəkisi olan xəstələr arasında aparılan başqa bir tədqiqatda xüsusi hazırlanmış alkoqolsuz pivənin 10 həftə ərzində istehlakının insulin səviyyəsinin və insulin müqavimətinin göstəricisi olan HOMA-IR indeksinin azalması ilə əlaqəli olduğu müəyyən edilib.

Tədqiqatda ABŞ-ın Kaliforniya Universitetinin San-Dieqo kampusunun, Almaniyanın Knappschaft Kliniken və İspaniyanın Bask Ölkəsi Universitetinin alimləri iştirak ediblər.

Beləliklə, alkoqolsuz pivənin “diabetə səbəb olduğu” barədə iddia həddindən artıq ümumiləşdirmədir. Müntəzəm istifadə zamanı konkret içkinin tərkibindəki karbohidrat və kalori miqdarını nəzərə almaq vacibdir. Bu, xüsusilə prediabet və ya diabeti olan insanlar üçün əhəmiyyətlidir.

Hazırda iki-üç şüşə alkoqolsuz pivə qəbulunun mədəaltı vəziyə zərər verdiyini və ya birbaşa şəkərli diabetə səbəb olduğunu göstərən inandırıcı elmi sübut yoxdur. Bununla belə, şirin və kalorili içkilərin mütəmadi istehlakı ümumilikdə çəki artımına və metabolik sağlamlığın pisləşməsinə səbəb ola bilər.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More