Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı – VİDEO

0

Azərbaycanda banklardan götürülən kreditlərin həcmi artmaqda davam edir. Xüsusilə, istehlak kreditlərində müşahidə olunan artım əhalinin borclanmasının səbəbləri ilə bağlı suallar yaradır.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin iyul ayının sonunda Azərbaycanda bankların kredit portfeli 32 milyard 95,3 milyon manat təşkil edib. Kredit portfelinin 17 milyard 333 milyon manatı biznes, 10 milyard 36,8 milyon manatı istehlak, 4 milyard 725,5 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.

Maraqlıdır ki, istehlak kreditlərinin həcmi bir il ərzində 11,5 faiz artaraq 10 milyard manatı ötüb.

Bəs, əvvəlki dövrlərlə müqayisədə insanların bu qədər kreditə müraciət etməsi məcburiyyətdən irəli gəlir, yoxsa onların həyat standartları yüksəlib və yeni tələbatlarını qarşılamağa çalışırlar?

Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı – VİDEO






Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Baku TV-yə danışan vətəndaşlardan biri kredit götürməyin artıq zərurətə çevrildiyini bildirib:

“Kreditsiz yaşamaq mümkün deyil. Kasıblar daha da kasıblaşırlar”.

Digər vətəndaş isə kredit götürməyin məqsəddən asılı olduğunu deyib:

“Kimsə biznes qurur, kimisi də istehlak krediti götürür. Bu, insanın öz ağlından da asılıdır. Kimin nəyə ehtiyacı varsa, pulu ona sərf edir”.

Başqa bir vətəndaş kreditlərə tələbatın artmasını həm həyat standartlarının yüksəlməsi, həm də müəyyən hallarda məcburiyyətlə əlaqələndirib:

“Tələbat, standartlar da bir az yüksəlib. Sonra əhalinin sayının artmasını da nəzərə almaq lazımdır. Burada zərurətdən doğan məcburiyyət də var. Vəziyyət elə gətirib çıxarır ki, məcbur qalıb kredit götürürsən”.

Vətəndaşlardan biri isə əvvəlki illərlə müqayisədə insanların maddi vəziyyətinin pisləşdiyini bildirib:

“Əvvəllər görürdün ki, iş yerində lotereya oynayırdılar, kimsə kiməsə borc verirdi. İndi bunların heç biri yoxdur. Çünki heç kim heç kimə borc vermir. Hamının vəziyyəti çox acınacaqlıdır, maaşlar azdır. Ona görə də məcbur qalırsan kredit götürməyə. 10, 15, 20 il əvvəl yaşamaq üçün bu qədər kredit götürməyə ehtiyac yox idi. Onda standart həyat var idi. İnsanlar gələcəyin necə olacağını bilirdilər. Təminat çox idi. İndi isə zəifdir. Ona görə də kredit götürürlər, məcburdurlar”.

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, əhalinin banklardan götürdüyü kreditlərin məbləğinin artması və bu tendensiyanın davam etməsi nə əhalinin varlanmasına, nə də yoxsullaşmasına işarə edir. Onun sözlərinə görə, bu göstərici əhalinin sosial vəziyyətini xarakterizə edən indikator deyil.

Ekspert qeyd edib ki, əhalinin öz tələbatlarını ödəmək üçün bank kreditlərindən getdikcə daha çox istifadə etməsinin bir neçə əsas səbəbi var:

“Səbəblərdən biri kreditlərin əlçatanlığının artmasıdır. Xüsusən elektronlaşma, avtomatlaşdırma, kreditlərin verilməsində süni intellektdən istifadə və rəqəmsal platformaların genişlənməsi bankların və maliyyə qurumlarının vətəndaşlar üçün əlçatanlığını artırır. Burada məsələ ondan ibarətdir ki, əvvəllər vətəndaşlar krediti, əsasən, iri layihələrə, ev və maşın almağa yönəldirdilərsə, indi artıq ən kiçik mətbəx və məişət avadanlıqlarını belə kreditlə almağa üstünlük verirlər. İnsanlar istehlaklarını təxirə salmırlar, dərhal hər şeyə sahib olmağa çalışırlar və bunu kreditlər vasitəsilə tənzimləyirlər”.

Xalid Kərimlinin sözlərinə görə, ikinci əsas məqam vətəndaşların həyat standartlarının dəyişməsidir.

Ekspert bildirib ki, üçüncü amil pulun dəyərdən düşməsi və inflyasiyanın artmasıdır. Yəni vətəndaş zaman keçdikcə eyni məhsulu daha yüksək qiymətə almaq məcburiyyətində qalır.

İqtisadçı, həmçinin istehlak kreditləri ilə bağlı mövcud məhdudiyyətlərə diqqət çəkib:

“Banklar qarşısında, xüsusilə istehlak kreditləri sahəsində gəlir-ödəniş nisbəti ilə bağlı məhdudiyyət qoyulub. Yəni vətəndaşın istehlak kreditləri üzrə aylıq ödənişi onun aylıq rəsmi gəlirinin 45 faizindən çox ola bilməz. Bu kovinant, bu məhdudiyyət imkan verir ki, banklar vətəndaşları daha çox kredit yükü altına salmasınlar. Mərkəzi Bank bu sahədə kifayət qədər sərt qaydalar müəyyənləşdirib”.

Ekspertin sözlərinə görə, əhalinin borc yükünün artması və gəlirlərin daha böyük hissəsinin kredit ödənişlərinə yönəlməsi müəyyən risklər yarada bilər.

Odur ki, ayağımızı yorğanımıza görə uzatmaqda fayda var.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More