Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
Prezident İlham Əliyevin avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün Qırğızıstana növbəti işgüzar səfəri Bakı-Bişkek münasibətlərini yenidən siyasi gündəmin ön sırasına çıxarıb.
Son illərdə Azərbaycanla Qırğızıstan arasında münasibətlərin inkişafını yalnız imzalanan sənədlər, keçirilən görüşlər və verilən bəyanatlarla izləmək yetərli deyil. İki ölkə liderlərinin qarşılıqlı səfərlərindən qalan fotoxronikanı ardıcıllıqla nəzərdən keçirdikdə münasibətlərin necə mərhələli şəkildə siyasi dialoqdan konkret layihələrə keçdiyi də aydın görünür.
Bişkekdə Dostluq Parkı və Azərbaycanla bağlı adları daşıyan məktəblər, Ağdamda “Manas”ın adını yaşadan təhsil ocağı, İssık-Kul sahilində “Baku Resort & Spa”…
Azərbaycan və Qırğızıstan dövlət başçılarının hər bir görüşü iki ölkə münasibətlərinin ayrı-ayrı mərhələlərinin vizual yaddaşıdır.
Bişkekdə münasibətlərin yeni siyasi çərçivəsi
Bişkek, 11 oktyabr 2022-ci il, Ala-Arça” dövlət iqamətgahı
Həmin gün Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində rəsmi qarşılanma mərasimi keçirilir, Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının ilk iclası baş tutur.
Bu səfər münasibətlərin sonrakı inkişafı üçün mühüm siyasi mərhələ idi. Dövlətlərarası Şura formatının yaradılması Bakı ilə Bişkek arasında əlaqələri ayrı-ayrı təmaslardan çıxararaq daha sistemli və institusional müstəviyə keçirdi.
Diplomatik yaxınlaşmadan şəhər simvolikasına

Bişkek, 11 oktyabr 2022-ci il, Qırğızıstan-Azərbaycan Dostluq Parkı
İlham Əliyev və Sadır Japarov Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışını bildirən lenti birlikdə kəsiblər.
Parkın istifadəyə verilməsi iki ölkə arasında münasibətlərin yalnız siyasi təmaslarla məhdudlaşmadığını, humanitar və ictimai müstəvidə də konkret ifadə qazandığını göstərirdi.
Bişkekdə belə bir parkın yaradılması Azərbaycan-Qırğızıstan dostluğunun paytaxtın şəhər məkanında da əks olunması baxımından əhəmiyyətli idi. Bununla Azərbaycan adı Qırğızıstan paytaxtında rəsmi diplomatik çərçivədən kənarda da görünən ünvanlardan birinə çevrilirdi.
Humanitar diplomatiyanın Bişkek ünvanları

12 oktyabr 2022-ci il, Nizami Gəncəvi və Heydər Əliyev adına məktəblərin açılış mərasimi
İlham Əliyev və Sadır Japarov Bişkekdə Nizami Gəncəvi adına 103 nömrəli məktəbin açılışında iştirak ediblər. Eyni səfər çərçivəsində Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya kompleksinin də açılışı keçirilib.
Bu təhsil müəssisələrinin istifadəyə verilməsi Azərbaycan-Qırğızıstan münasibətlərində humanitar əməkdaşlığın genişlənməsinin mühüm göstəricilərindən biri idi. Heydər Əliyevin və Nizami Gəncəvinin adlarının Bişkekdə təhsil ocaqlarına verilməsi Azərbaycanla bağlı tarixi və mədəni yaddaşın Qırğızıstanın ictimai məkanında daha geniş təmsil olunmasına imkan yaradırdı.
Beləliklə, iki ölkə arasında siyasi əlaqələrlə yanaşı, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın da institusional və davamlı xarakter aldığı görünürdü.
Bişkekdən Qarabağa uzanan dostluq xətti

Ağdam, 25 aprel 2024-cü il, Xıdırlı kənd tam orta məktəbin təməlqoyma mərasimi
Prezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olan Sadır Japarov burada gələcək tam orta məktəbin təməlini birlikdə qoyurlar.
Əgər 2022-ci ildə Azərbaycanın izi Bişkekin şəhər və təhsil məkanında görünürdüsə, iki il sonra artıq Qırğızıstan Qarabağın bərpasında konkret layihə ilə iştirak edirdi.
Bu, münasibətlərdə mühüm siyasi məqam idi.
Qırğızıstanın Xıdırlıda məktəb inşa etməsi təkcə humanitar təşəbbüs deyildi. Bu layihə Bişkekin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq prosesinə praktik töhfəsi idi.
Bundan əlavə, təməlqoyma mərasimində qırğız milli elementlərinin nümayiş olunması da layihənin simvolik məzmununu gücləndirirdi.
Bişkekdə Nizami, Ağdamda Manas: simvolik siyasətin qarşılıqlı xətti

3 iyul 2025-ci il, Ağdam, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılış mərasimindən
İlham Əliyev və Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışında birlikdə iştirak edirlər.
Məktəbə qırğız xalqının “Manas” eposunun baş qəhrəmanının adının verilməsi layihənin siyasi-humanitar məzmununu tamamlayırdı.
Beləcə, iki ölkə arasında maraqlı simvolik paralel yaranırdı: Bişkekdə Heydər Əliyev və Nizami Gəncəvinin adları, Ağdamda isə Manas.
Bu, artıq qarşılıqlı münasibətlərin qarşılıqlı siyasi və mədəni təmsilçilikdən ibarət olduğunu göstərirdi.
Strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə
Çolpon-Ata, 31 iyul 2026-cı il
Çolpon-Atada çəkilən bu foto Azərbaycan-Qırğızıstan münasibətlərinin başqa mərhələsini əks etdirir.
Məhz həmin səfər zamanı Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı.
Beləliklə, son illərdə mərhələli şəkildə dərinləşən münasibətlər hüquqi-siyasi baxımdan da yeni status qazandı.
Eyni səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması da iki ölkə arasında siyasi etimadın səviyyəsini göstərən mühüm detal idi.
Siyasi yaxınlaşmanın iqtisadi coğrafiyası: İssık-Kulda “Bakı”

İssık-Kul, 31 iyul 2026-cı il, “Baku Resort & Spa” kompleksinin açılış mərasimindən
Həmin gün İssık-Kul vilayətinin Kara-Oy kəndində çəkilən fotolar Azərbaycan-Qırğızıstan münasibətlərinin iqtisadi istiqamətdə də genişləndiyini göstərirdi.
Kadrlarda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Prezident Sadır Japarov və digər Mərkəzi Asiya dövlətlərinin liderləri “Baku Resort & Spa” kompleksinin açılışında iştirak edirlər.
Əgər əvvəlki illərdə Azərbaycan adı Bişkekdə park və təhsil müəssisələri ilə təmsil olunurdusa, İssık-Kulda “Bakı” artıq iri investisiya və turizm layihəsinin adı kimi yer alırdı.
Layihənin Qırğızıstanın əsas turizm mərkəzlərindən biri olan İssık-Kul sahilində həyata keçirilməsi də xüsusi əhəmiyyət daşıyırdı. Bununla “Bakı” adı ölkənin ən tanınmış turizm bölgələrindən birində iqtisadi və investisiya əməkdaşlığının konkret nümunəsinə çevrilirdi.
Bu mərhələ göstərirdi ki, Azərbaycan-Qırğızıstan münasibətləri siyasi və humanitar əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiyalar hesabına da yeni məzmun qazanır.
Beləliklə, son illərdə siyasi yaxınlaşma tədricən konkret layihələrə və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa çevrilib.
Prezident İlham Əliyevin hazırkı Bişkek səfəri də məhz bu ardıcıl siyasi inkişaf xəttinin davamı kimi qiymətləndirilə bilər.
Mənbə: Modern.az