4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol
Cəbrayıl Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və mühüm strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biridir. Qarabağın ayrılmaz hissəsi olan Cəbrayıl rayonu uzun illər ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus mövqeyi ilə seçilmişdir. Rayonun ərazisi təbii sərvətləri, münbit torpaqları, tarixi və mədəni abidələri ilə zəngin olmuş, burada elm, təhsil və mədəniyyətin inkişafı üçün geniş imkanlar formalaşmışdır.
Lakin Cəbrayılın tarixində ağır və faciəli səhifələr də olmuşdur. 1993-cü il avqustun 23-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğaldan əvvəl Cəbrayıl rayonu bir şəhər, dörd qəsəbə və 92 kənddən ibarət olmuşdur. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, sosial və mədəni infrastrukturu dağıdılmış, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdür. İşğal dövründə Cəbrayılın tarixi-mədəni irsinə də ciddi ziyan vurulmuş, çoxsaylı abidələr məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.
Cəbrayıl rayonunun işğalı yalnız ərazi itkisi deyil, həm də insanların öz doğma torpaqlarından məcburi köçürülməsi ilə nəticələnmişdir. Cəbrayıllı məcburi köçkünlər Azərbaycanın müxtəlif rayonlarında, çoxsaylı yaşayış məntəqələrində, eləcə də müxtəlif müvəqqəti məskunlaşma yerlərində yaşamağa məcbur olmuşlar. Bununla belə, illər ərzində cəbrayıllılar doğma torpaqlarına qayıdacaqları günə olan inamlarını qoruyub saxlamışlar.
Cəbrayılın azadlığı istiqamətində mühüm hadisələrdən biri 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi olmuşdur. Daha sonra 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi Cəbrayıl istiqamətində strateji üstünlüyün əldə olunmasına imkan yaratmışdır. Cocuq Mərcanlının azad olunması və burada həyatın yenidən bərpa edilməsi sonrakı illərdə Böyük Qayıdış prosesinin mühüm başlanğıclarından birinə çevrilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın tarixində yeni və şərəfli mərhələnin başlanğıcını qoydu. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində rayonun kəndləri mərhələli şəkildə işğaldan azad edildi. 27 sentyabrda Böyük Mərcanlı və Nüzgar kəndlərinin, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad edilməsindən sonra 4 oktyabr 2020-ci il Cəbrayıl şəhərinin tarixində əlamətdar günə çevrildi.
Məhz həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Beləliklə, 27 ildən sonra Cəbrayıl şəhəri Azərbaycan Respublikasının nəzarətinə qaytarıldı. Rayon ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də strateji əhəmiyyəti baxımından Vətən müharibəsinin mühüm mərhələlərindən biri olmuşdur. Düşmən tərəfindən rayon ərazisində bir neçə müdafiə xəttindən ibarət istehkamların yaradılmasına baxmayaraq, Azərbaycan Ordusunun şəxsi heyəti böyük qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək bu müdafiə xətlərini yarmağa nail olmuşdur. Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün geniş imkanlar yaratmışdır. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və Hadrut istiqamətində əməliyyatlar aparması, daha sonra Zəngilan, Qubadlı və Laçının cənub hissəsinin azad edilməsi üçün əlverişli şərait yaranmışdır.
Cəbrayılın azad olunması ilə rayonun tarixi simvollarından biri olan Xudafərin körpülərinin də Azərbaycan nəzarətinə qaytarılması xüsusi əhəmiyyət daşıdı. Qədim tarixə malik Xudafərin körpülərində Azərbaycan bayrağının dalğalanması xalqımızın milli yaddaşında mühüm tarixi hadisə kimi yer aldı. Cəbrayıl rayonunun azad edilməsinə görə şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçuların dövlət təltifləri ilə təltif olunması da bu şanlı mübarizənin qəhrəmanlarının xatirəsinin yaşadılmasına xidmət edir.
Cəbrayılın azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri doğma torpaqların yenidən qurulması, şəhər və kəndlərin müasir tələblərə uyğun bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması olmuşdur. Bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirilməyə başlanmışdır.
2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması barədə qərar qəbul edilmişdir. 200 hektar ərazini əhatə edən sənaye parkının əsas fəaliyyət istiqamətlərinə logistika və ticarət mərkəzləri, anbar kompleksləri, satış obyektləri, TIR parkı, gömrük və digər xidmət sahələrinin yaradılması daxildir. Sənaye parkının fəaliyyəti Cəbrayılın gələcəkdə iqtisadi fəallıq və məşğulluq baxımından mühüm mərkəzlərdən birinə çevrilməsinə hesablanmışdır. Hazırda burada 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçmiş və 130-dan artıq iş yeri yaradılmışdır.
Cəbrayılın enerji infrastrukturu da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2021-ci il oktyabrın 4-də “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi rayonun enerji təminatının formalaşdırılması baxımından mühüm addım olmuşdur. Sonrakı mərhələdə günəş elektrik stansiyalarının yaradılması və yeni yarımstansiyaların istifadəyə verilməsi Cəbrayılın həm sosial-iqtisadi, həm də enerji potensialının inkişafına xidmət edir.
Rayonda yol-nəqliyyat infrastrukturunun yenilənməsi də diqqət mərkəzində saxlanılır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən mühüm yol layihələrindən biridir. Bu yol Cəbrayılın digər işğaldan azad edilmiş ərazilərlə nəqliyyat əlaqələrinin genişləndirilməsi, iqtisadi fəallığın artırılması və yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cəbrayıl şəhərinin gələcək inkişafı üçün hazırlanmış Baş plan isə şəhərin müasir və dayanıqlı şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” 2023-cü il iyulun 25-də təsdiq edilmişdir. Planda şəhərin bərpasının mərhələli şəkildə həyata keçirilməsi, yaşayış, sosial və ictimai infrastrukturun yaradılması, müasir memarlıq həllərinin tətbiqi nəzərdə tutulur. 2040-cı ilədək Cəbrayıl şəhərində 15 minədək sakinin yaşaması proqnozlaşdırılır.
Cəbrayılın kəndlərinin də yenidən qurulması Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biridir. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində yaşayış evlərinin, məktəblərin, uşaq bağçalarının, tibb və digər sosial obyektlərin inşası həyata keçirilir. Horovlu kəndinin birinci mərhələsində fərdi evlərlə yanaşı məktəb, körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi kimi obyektlər yaradılmışdır. Şükürbəyli kəndində isə yaşayış evləri ilə yanaşı məktəb, musiqi məktəbi, uşaq bağçaları və tibb məntəqəsi inşa edilmişdir.
Böyük Qayıdış artıq Cəbrayıl üçün yalnız gələcək plan deyil, reallığa çevrilmiş prosesdir. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması ilə şəhərə qayıdışın yeni mərhələsi başlanmışdır. 2026-cı il sentyabrın 28-nə olan məlumata əsasən, Cəbrayıl şəhərində 680 ailə, 2 974 nəfər, Horovlu kəndində 321 ailə, 1 326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə, 2 749 nəfər olmaqla, ümumilikdə 1 600 ailə və 7 022 nəfər məskunlaşmışdır.
Cəbrayıl şəhərində yaradılan yaşayış kompleksləri də Böyük Qayıdışın miqyasını göstərir. Birinci yaşayış kompleksi 7,9 hektar ərazidə salınmış, 33 yaşayış binasından və 712 mənzildən ibarət olmuşdur. Mənzillərin tam təmirli, zəruri məişət avadanlıqları və kommunal təminatla təhvil verilməsi nəzərdə tutulmuşdur. Növbəti yaşayış komplekslərinin inşası ilə şəhərdə məskunlaşma imkanlarının daha da genişləndirilməsi planlaşdırılır.
Cəbrayılın bərpası Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətin mühüm hissəsidir. Şəhərdə və kəndlərdə aparılan tikinti-quruculuq işləri yalnız dağıdılmış binaların yenilənməsi ilə məhdudlaşmır. Burada müasir yaşayış məkanlarının, məktəblərin, səhiyyə müəssisələrinin, yolların, enerji və digər infrastruktur obyektlərinin yaradılması ilə yeni həyatın hərtərəfli təmin olunmasına yönəlmiş layihələr həyata keçirilir.
Bu prosesdə Cəbrayıl rayonuna dövlət başçısının mütəmadi səfərləri də xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin noyabrından başlayaraq müxtəlif illərdə Cəbrayılda bir sıra mühüm infrastruktur layihələrinin təməli qoyulmuş, açılışlar keçirilmiş, yaşayış məhəllələrinin, sosial obyektlərin və sənaye müəssisələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirilmişdir. 2026-cı il mayın 9-da Şükürbəyli kəndinin açılışı, burada məskunlaşan sakinlərlə görüş və Cəbrayıl rayonunun enerji infrastrukturu ilə bağlı layihələrin həyata keçirilməsi bu prosesin davamlı xarakter daşıdığını göstərir.
Cəbrayılın azad edilməsi ilə bağlı tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi qeyd edilməsi də xüsusi məna daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş və 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən edilmişdir.
4 Oktyabr – Cəbrayıl şəhəri günü xalqımızın yaddaşında həm tarixi Qələbənin, həm qəhrəmanlığın, həm də doğma torpaqlara qayıdışın rəmzi kimi yaşayır. Bu tarix Cəbrayılın 27 illik işğaldan sonra azad edilməsini, şəhidlərimizin qanı bahasına qazanılmış Zəfəri və doğma torpaqlarda həyatın yenidən qurulmasını özündə birləşdirir.
Bu gün Cəbrayılın simasında keçmişlə gələcək bir-birinə qovuşur. Bir tərəfdə işğal illərinin ağrılı xatirələri, dağıdılmış tarixi-mədəni irs və doğma yurd həsrəti, digər tərəfdə isə yeni salınan şəhər və kəndlər, qurulan sosial infrastruktur, fəaliyyət göstərən sənaye və enerji layihələri, öz doğma torpaqlarına qayıdan sakinlər dayanır. Cəbrayılın dirçəlişi Böyük Qayıdışın real təcəssümlərindən biri kimi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq prosesinin mühüm səhifəsini təşkil edir.
4 Oktyabr Cəbrayıl üçün təkcə bir tarix deyil. Bu gün azadlığın, Zəfərin, qayıdışın və yenidən doğuluşun rəmzidir.
Asif Cümşüdov, Vətən Müharibəsi iştirakçısı-“Tərəqqi” medalı təltifçisi