“EKOTERRA – bəşəriyyət, təbiət və iqtisadiyyat” gənclər üçün yaşıl düşüncə və davamlı inkişaf kitabının nəşri və təqdimatı” layihəsi uğurla yekunlaşıb

0

Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi ilə həyata keçirilən “EKOTERRA – bəşəriyyət, təbiət və iqtisadiyyat” gənclər üçün yaşıl düşüncə və davamlı inkişaf kitabının nəşri və təqdimatı” layihəsi uğurla başa çatıb.

Layihə rəhbəri Ülvi Məmmədov tərəfindən həyata keçirilən layihənin əsas məqsədi gənclərin yaşıl iqtisadiyyat, ətraf mühitin mühafizəsi və davamlı inkişaf sahəsində biliklərinin artırılması, ekoloji məsuliyyət mədəniyyətinin formalaşdırılması, habelə Azərbaycan dilində bu istiqamətdə elmi-maarifləndirici ədəbiyyatın zənginləşdirilməsi olub.

Layihə çərçivəsində 250 səhifədən və 5 fəsildən ibarət “EKOTERRA – bəşəriyyət, təbiət və iqtisadiyyat” kitabının elmi məzmunu hazırlanıb, redaktəsi, bədii-texniki tərtibatı və 150 nüsxədə nəşri həyata keçirilib. Kitabda yaşıl iqtisadiyyat, yaşıl maliyyə, iqlim dəyişmələri, bərpa olunan enerji, şəhər ekologiyası, elektrik nəqliyyatı, dairəvi iqtisadiyyat, tullantıların idarə olunması, təbiət kapitalı və ekoturizm kimi aktual mövzular yerli və beynəlxalq elmi tədqiqatlar əsasında təqdim olunub.

Layihənin icra planına uyğun olaraq 17-18 noyabr 2026-cı il tarixlərində müvafiq olaraq Mingəçevir Dövlət Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında kitabın təqdimat mərasimləri keçirilib.

17 noyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində keçirilən təqdimat mərasimində universitetin rektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Anar Eminov, tədris prosesinin təşkili və idarə olunması üzrə rektor müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nüşabə Qədimli, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən universitet rəhbərliyi və professor-müəllim heyətinin nümayəndələri kitab haqqında təəssüratlarını bölüşüb, yaşıl iqtisadiyyat və davamlı inkişaf mövzularında Azərbaycan dilində elmi ədəbiyyatın hazırlanmasının əhəmiyyətini vurğulayıblar. Kitabın müəllifi və layihə rəhbəri Ülvi Məmmədov nəşrin hazırlanması, elmi-metodoloji əsasları, strukturu və əhatə etdiyi tədqiqat istiqamətləri barədə iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində müəllif tərəfindən qlobal ekoloji problemlər, onların sosial-iqtisadi nəticələri və bu problemlərin həllində yaşıl iqtisadiyyatın alternativ inkişaf modeli kimi rolu haqqında maarifləndirici təqdimat keçirilib. Tələbələrə yaşıl iqtisadiyyata keçid sahəsində beynəlxalq təcrübə və müasir yanaşmalar barədə məlumat verilib.

Təqdimatın sonunda Mingəçevir Dövlət Universitetinin 75 tələbəsinə kitabın nüsxələri ödənişsiz təqdim edilib.

18 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında layihə çərçivəsində növbəti təqdimat mərasimi təşkil olunub. Tədbirdə filialın direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən Raqif Qasımov kitab haqqında fikirlərini bölüşərək nəşrin elmi-maarifləndirici əhəmiyyətindən, yaşıl iqtisadiyyat və davamlı inkişaf sahəsində gənclərin biliklərinin genişləndirilməsində bu kimi təşəbbüslərin rolundan bəhs edib.

Kitabın müəllifi Ülvi Məmmədov tərəfindən müasir dövrün qlobal ekoloji problemləri, təbii resurslardan səmərəsiz istifadənin iqtisadi nəticələri və yaşıl iqtisadiyyat modelinin təqdim etdiyi həll mexanizmləri haqqında təqdimat keçirilib. Müəllif kitabın ayrı-ayrı fəsilləri, istifadə olunan elmi mənbələr və nəşrin praktiki əhəmiyyəti barədə məlumat verib. Tələbələrin kitabdan akademik fəaliyyətlərində, sərbəst tədqiqatlarında və fərdi mütaliələrində istifadə imkanları izah olunub.

Tədbirin sonunda UNEC-in Zaqatala filialının 75 tələbəsinə kitabın nüsxələri ödənişsiz təqdim edilib. Layihənin birbaşa hədəf qrupunu Mingəçevir Dövlət Universitetinin və UNEC-in Zaqatala filialının ümumilikdə 150 tələbəsi təşkil edib. Təqdimatlarda ali təhsil müəssisələrinin rəhbər və professor-müəllim heyətinin iştirakı layihənin akademik əhatə dairəsini genişləndirib.

Layihənin icrası nəticəsində Azərbaycan dilində yaşıl iqtisadiyyat və davamlı inkişaf istiqamətində 250 səhifəlik elmi-maarifləndirici kitab hazırlanıb. Kitabın 150 nüsxədə nəşri həyata keçirilib və Mingəçevir və Zaqatalada iki maarifləndirici təqdimat təşkil olunub. 150 tələbə kitabın nüsxəsi ilə ödənişsiz təmin edilib, gənclərin qlobal ekoloji problemlər, yaşıl iqtisadiyyat və davamlı inkişaf mexanizmləri haqqında məlumatlılığının artırılmasına töhfə verilib, tələbələrin akademik fəaliyyətlərində və gələcək elmi tədqiqatlarında istifadə edə biləcəkləri yeni Azərbaycan dilli ədəbiyyat mənbəyi yaradılıb.

“EKOTERRA – bəşəriyyət, təbiət və iqtisadiyyat” layihəsi elmi biliklərin gənclər arasında yayılmasına, regionlarda yaşayan tələbələrin müasir elmi ədəbiyyata çıxış imkanlarının genişləndirilməsinə və ekoloji məsuliyyətə əsaslanan iqtisadi düşüncə mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Layihə çərçivəsində ərsəyə gələn nəşr qarşıdakı dövrdə də gənclərin fərdi mütaliəsi, akademik fəaliyyəti və yaşıl iqtisadiyyat sahəsində elmi tədqiqatları üçün istifadəyə açıq maarifləndirici mənbə funksiyasını daşıyacaq.

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More