Türkiyədə siqaret tam qadağan edilir – TARİX
Türkiyədə tütün məhsullarına qarşı sərt məhdudiyyətlərin tətbiqi müzakirə olunur.
Modern.az xəbər verir ki, hakim AKP partiyası 2040-cı ilə qədər tütün məhsullarından tam imtinanı nəzərdə tutan qanun layihəsi hazırlayıb. Hürriyet qəzetinin məlumatına görə, layihə çərçivəsində tütün məmulatlarının satışı, istehsalı və idxalı tam qadağan edilə bilər.
Bildirilir ki, bu məqsədə mərhələli şəkildə çatmaq planlaşdırılır. İlk mərhələdə siqaret çəkməyə qadağa ictimai yerlər, kafe və restoranların açıq sahələri, təhsil müəssisələri, xəstəxanalar və dini məkanları əhatə edə bilər.
Qanun layihəsində “tütün məhsulu” anlayışının genişləndirilməsi də nəzərdə tutulur. Buraya yalnız ənənəvi siqaretlər deyil, elektron siqaretlər, veiplər, qəlyanlar, tütün qızdırıcı sistemlər, eləcə də sintetik və orqanik nikotin tərkibli məhsullar daxil edilə bilər.
Qadağaların pozulmasına görə 1 milyondan 10 milyon lirəyədək (təxminən 20–200 min avro) cərimələr tətbiq olunması, biznes subyektləri üçün isə lisenziyaların ləğvi nəzərdə tutulur. Turistlər və fiziki şəxslər üçün də tütün məhsullarının saxlanılması, alınması və ölkəyə gətirilməsi ilə bağlı inzibati cərimələr tətbiq edilə bilər.
Qeyd edək ki, qanun layihəsi hələ yekun şəkildə qəbul edilməyib.
Mənbə: Modern.az
