Azərbaycanda “akademik şəhər” modeli: universitetlər hansı regionlara köçürülür?

Dünya təcrübəsində ali təhsilin inkişafı üçün tətbiq olunan innovativ modellər arasında “akademik şəhər” konsepsiyası xüsusi yer tutur. Belə ki, bir sıra Avropa ölkələrində, həmçinin, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uğurla tətbiq edilən bu yanaşma universitetləri, tədqiqat mərkəzlərini və tələbə həyatını vahid məkanda birləşdirərək daha səmərəli təhsil mühiti formalaşdırır. Bu kontekstdə, Azərbaycanda da ali təhsil sisteminin modernləşdirilməsi fonunda bu modelin tətbiqi məsələsi gündəmə gəlir və hansı formada reallaşa biləcəyi isə müzakirə predmetinə çevrilir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, müasir dövrdə ali təhsil sistemi yalnız bilik ötürən mexanizm kimi deyil, eyni zamanda iqtisadi inkişafın, innovasiyaların və sosial transformasiyanın əsas dayaqlarından biri kimi çıxış edir.

“Bu baxımdan “akademik şəhər” modeli dünya təcrübəsində özünü doğrultmuş, universitetləri, elmi-tədqiqat institutlarını, texnoparkları və sosial infrastrukturu vahid ekosistem daxilində birləşdirən kompleks yanaşma kimi xüsusi əhəmiyyət kəsb edir. Qlobal miqyasda tətbiq olunan bu model təkcə təhsilin keyfiyyətini artırmır, həm də bilik iqtisadiyyatının formalaşmasına və insan kapitalının inkişafına ciddi təkan verir. Azərbaycanın mövcud inkişaf mərhələsi və qarşısında duran strateji hədəflər bu modelin tətbiqini zəruri və eyni zamanda real edir”.

O eyni zamanda qeyd olunan konsepsiya çərçivəsində beynəlxalq təcrübəyə də diqqət çəkib:

“Dünya təcrübəsinə nəzər saldıqda görmək olur ki, akademik şəhər modeli müxtəlif ölkələrdə fərqli formalarda tətbiq olunsa da, onun mahiyyəti dəyişməz qalır. Bu model elm, təhsil və istehsalın inteqrasiyasını nəzərdə tututr. Yaxın Şərqdə yaradılmış Dubay Beynəlxalq Akademik Şəhəri (Dubai International Academic City) bu baxımdan diqqət çəkən nümunələrdəndir. Burada müxtəlif ölkələrin universitetləri bir məkanda fəaliyyət göstərir və bu model Dubayın regional təhsil və innovasiya mərkəzinə çevrilməsində mühüm rol oynayır. Avropada isə Oksford və Kembridc universitetləri kimi ali təhsil ocaqları ətrafında formalaşmış akademik atmosfer əsrlər boyu davamlı inkişaf edərək elmi düşüncənin və innovasiyaların əsas mərkəzlərinə çevrilib. ABŞ-da Stanford Universiteti ətrafında yaranmış innovasiya ekosistemi universitet–sənaye əməkdaşlığının nə qədər effektiv ola biləcəyini açıq şəkildə nümayiş etdirir. Asiyada isə Sinqapur Milli Universiteti  (National University of Singapore) ətrafında qurulan elmi və texnoloji mühit dövlət siyasətinin ardıcıl və məqsədyönlü həyata keçirilməsi nəticəsində qısa müddətdə yüksək nəticələr əldə olunmasının mümkünlüyünü təsdiqləyir”.

Türkiyə təcrübəsinə nəzər salan deputat həmçinin vurğulayıb ki, qardaş ölkədə də Azərbaycan üçün maraqlı və tətbiqi mümkün olan nümunələr var:

“Son illərdə Türkiyədə universitetlərin kampus tipli inkişafına xüsusi önəm verilib və bir çox ali təhsil müəssisələri müasir akademik şəhərciklərə çevrilib. Məsələn, Bilkent Universiteti və Orda Doğu Texniki Universiteti geniş kampus infrastrukturu, elmi-tədqiqat mərkəzləri və texnoparkları ilə seçilir. Xüsusilə də ODTU Teknokent modeli universitet və sənaye əməkdaşlığının uğurlu sintezi kimi diqqət çəkir. Bu yanaşma nəticəsində tələbələr hələ təhsil aldıqları dövrdə real istehsal və innovasiya proseslərinə cəlb olunur, startapların yaranması və inkişafı üçün əlverişli mühit formalaşır. Türkiyənin bu sahədə əldə etdiyi uğurlar göstərir ki, akademik şəhər modeli yalnız inkişaf etmiş Qərb ölkələri üçün deyil, region ölkələri üçün də tam real və effektiv vasitədir”.

Milli Məclisin üzvü xatırladıb ki, Azərbaycan reallığında isə ali təhsil sistemi uzun illər ərzində daha çox şəhər daxilində səpələnmiş struktur əsasında fəaliyyət göstərib:

“Bu isə universitetlər arasında əməkdaşlığın, elmi mühitin və innovasiya potensialının tam şəkildə reallaşmasına mane olub. Hazırkı mərhələdə ölkənin qarşısında duran əsas vəzifələrdən biri məhz bu parçalanmış modeli daha inteqrasiya olunmuş və effektiv sistemlə əvəz etməkdir. Akademik şəhər yanaşması bu baxımdan strateji həll yolu sayıla bilər. Belə şəhərciklərdə təhsil, elmi fəaliyyət, yaşayış və sosial həyat vahid məkanda birləşdirilir və nəticədə güclü sinerji effekti yaranır.

Bu modelin Azərbaycanda tətbiqinin, yalnız mərhələli şəkildə həyata keçirilməsi mümkündür. İlk növbədə universitetlər, elmi-tədqiqat institutları və innovasiya mərkəzləri vahid ərazilərdə cəmlənməli, müasir kampus infrastrukturu yaradılmalıdır. Bu infrastruktura yalnız tədris binaları deyil, eyni zamanda laboratoriyalar, kitabxanalar, texnoparklar, startap mərkəzləri, tələbə yataqxanaları və sosial obyektlər daxil edilməlidir. Digər mühüm istiqamət dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsidir. Qlobal və regional təcrübə göstərir ki, akademik şəhərlərin uğuru böyük ölçüdə biznes mühitinin bu prosesə cəlb olunmasından asılıdır. Eyni zamanda yeni yaradılacaq kampuslar rəqəmsal texnologiyalar və “yaşıl enerji” prinsipləri əsasında qurulmalı, bu da onların uzunmüddətli dayanıqlığını təmin etməlidir”.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, coğrafi baxımdan bu modelin tətbiqi üçün Azərbaycanın müxtəlif regionları əlverişli imkanlara malikdir:

“Bakı və Abşeron yarımadası ilkin mərhələdə əsas mərkəz rolunu oynasa da, paytaxtın sıxlığı nəzərə alınaraq yeni akademik şəhərlərin daha çox şəhər kənarında və regionlarda yaradılması məqsədəuyğun olardı. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələri bu baxımdan daha geniş və unikal imkanlar təqdim edir. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun sıfırdan qurulması akademik şəhərlərin ən müasir standartlara uyğun layihələndirilməsinə şərait yaradır. Bu regionlarda yaradılacaq akademik mərkəzlər yalnız təhsil ocağı kimi deyil, həm də demoqrafik və iqtisadi dirçəlişin mühüm aləti kimi çıxış edə bilər. Bununla yanaşı, respublikamızın digər bölgələrində, həmçinin texnoparkların olduğu ərazilərdə regional akademik şəhərlərin yaradılması ölkə üzrə balanslı inkişafı təmin edə bilər.

Azərbaycanda artıq formalaşmağa başlayan texnopark infrastrukturu fonunda həmin ərazilərdə universitet şəhərlərinin, yəni akademik kampusların yaradılması həm də strateji baxımdan ən məntiqli inkişaf istiqamətlərindən biri hesab oluna bilər. Çünki texnopark və universitet sinerjisi dünya təcrübəsində innovasiya iqtisadiyyatının əsas sütunlarından biri kimi çıxış edir.

Məsələyə praktik müstəvidən yanaşdıqda görmək olur ki, texnoparkların mövcudluğu artıq müəyyən baza formalaşdırır. Yəni burada biznes strukturları, startap mühiti, texnoloji istehsal və müəyyən qədər ixtisaslaşmış kadr ehtiyacı mövcuddur. Universitet şəhəri isə bu zəncirin çatışmayan halqasını, daha dəqiq desək, sistemli insan kapitalı istehsalını və fundamental elmi təminatı tamamlayır. Məhz bu iki komponentin birləşməsi nəticəsində dayanıqlı innovasiya ekosistemi yaranır. Bu baxımdan, məsələn, Türkiyədə ODTÜ Teknokent ətrafında formalaşmış akademik mühit və ya ABŞ-da Stanford Universiteti ilə texnoloji şirkətlər arasında qurulmuş əlaqə göstərir ki, texnopark – universitet modeli təkcə nəzəri konsepsiya deyil, praktiki olaraq yüksək effektivliyə malik sistemdir”.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan reallığında da oxşar yanaşmanın tətbiqi üçün ilkin şərtlər var:

“Sumqayıt Kimya Sənaye Parkı, Pirallahı Sənaye Parkı, eləcə də müxtəlif regionlarda yaradılan aqroparklar və texnoloji zonalar artıq iqtisadi fəaliyyətin müəyyən ixtisaslaşmış mərkəzlərinə çevrilməkdədir. Lakin bu zonaların əksəriyyətində elmi-tədqiqat və ali təhsil komponenti ya zəifdir, ya da ümumiyyətlə sistemli şəkildə inteqrasiya olunmayıb. Universitet şəhərlərinin məhz bu ərazilərdə yaradılması həmin boşluğu doldura və mövcud potensialı bir neçə dəfə artıra bilər.

Bu modelin reallaşma dərəcəsi isə bir neçə amildən asılıdır. Birincisi, planlaşdırma məsələsidir. Universitet şəhəri yalnız tədris binalarından ibarət olmamalıdır, burada laboratoriyalar, innovasiya mərkəzləri, tələbə və müəllimlər üçün yaşayış infrastrukturu, sosial obyektlər və nəqliyyat əlaqələri kompleks şəkildə nəzərdə tutulmalıdır. Əks halda, bu təşəbbüs formal xarakter daşıyacaq və gözlənilən effekti verməyəcək.
İkincisi, institusional koordinasiya ilə bağlı mühüm istiqamətdir. Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və texnoparkları idarə edən qurumlar arasında vahid strategiya formalaşdırılmadan bu modelin uğurlu tətbiqi çətin görünür. Universitetlərin proqramları texnoparkların ixtisaslaşmasına uyğunlaşdırılmalı, yəni kimya sənaye parkında kimya mühəndisliyi, biotexnologiya və materialşünaslıq, aqroparklarda isə aqrar elmlər və aqrotexnologiyalar prioritet olmalıdır.

Üçüncü mühüm məqam isə insan resursları ilə bağlıdır. Universitet şəhərləri yalnız bina və infrastruktur layihəsi deyil, ilk növbədə akademik və elmi mühit layihəsidir. Bu baxımdan, güclü müəllim heyətinin formalaşdırılması, xaricdə təhsil almış mütəxəssislərin cəlb edilməsi və beynəlxalq əməkdaşlıq proqramlarının genişləndirilməsi burada həlledici rol oynayır”.

E.Mirzəbəylinin fikrincə, reallıq baxımından yanaşdıqda, belə layihələrin qısa müddətdə bütün regionlarda həyata keçirilməsi mümkün deyil:

“Daha məqsədəuyğun yanaşma pilot layihələrdən başlamaqdır. Məsələn, Sumqayıt sənaye zonası ətrafında kimya və sənaye yönümlü universitet şəhəri, Qarabağ və Şərqi Zəngəzurda isə “ağıllı şəhər – akademik şəhər – texnopark” sintezi əsasında yeni nəsil kampusların yaradılması daha real və effektiv görünür. Bu model uğurlu olarsa, sonradan digər regionlara da tətbiq edilə bilər.

Belə yanaşmanın üstünlükləri kifayət qədər aydındır. Tələbələr təhsil aldıqları müddətdə real istehsal və innovasiya mühitinə daxil olur, bu isə onların praktiki bacarıqlarını artırır və əmək bazarına inteqrasiyasını sürətləndirir. Müəllimlər üçün isə bu, tətbiqi tədqiqatların genişlənməsi və sənaye ilə birbaşa əməkdaşlıq imkanları deməkdir. Dövlət üçün isə nəticə daha genişdir və ilk növbədə yüksək əlavə dəyər yaradan iqtisadiyyat, ixracyönümlü texnologiyalar və güclü insan kapitalı deməkdir.

Mahiyyət etibarilə, texnoparkların yerləşdiyi ərazilərdə universitet şəhərlərinin yaradılması Azərbaycanın gələcək inkişaf modeli üçün zəruri istiqamətdir. Əsas məsələ bu ideyanın sistemli və strateji yanaşma əsasında həyata keçirilməsidir. Düzgün qurulmuş halda bu model Azərbaycanı regionda təhsil və innovasiya mərkəzlərindən birinə çevirə bilər”.

Deputat qeyd edib ki, akademik şəhər modelinin tətbiqi həm tələbələr, həm də müəllimlər üçün geniş imkanlar açır:

“Tələbələr üçün bu, daha müasir və inteqrasiya olunmuş təhsil mühiti, innovasiya və startap imkanlarına çıxış, beynəlxalq mübadilə proqramlarında iştirak baxımından böyük üstünlüklər deməkdir. Müəllimlər üçün isə güclü elmi-tədqiqat infrastrukturu, beynəlxalq əməkdaşlıq imkanları və daha rəqabətli akademik mühit formalaşır. Bu model həm də ölkədən kənara beyin axınının qarşısının alınmasına və əksinə, xaricdə çalışan mütəxəssislərin geri cəlb olunmasına xidmət edə bilər”.

E.Mirzəbəyli onu da əlavə edib ki, bütün bunların reallaşdırılması üçün dövlət səviyyəsində məqsədyönlü və sistemli yanaşma tələb olunur:

“İlk növbədə akademik şəhərlərin hüquqi statusunu müəyyən edən normativ baza yaradılmalı, universitetlərin idarəetmə və maliyyə muxtariyyəti genişləndirilməli, elmi tədqiqatlara ayrılan investisiyalar artırılmalıdır. Eyni zamanda xarici universitetlərin filiallarının bu şəhərciklərdə yerləşdirilməsi  də təşviq olunmalı və beynəlxalq əməkdaşlıq genişləndirilməlidir. Türkiyə və digər ölkələrin təcrübəsi göstərir ki, düzgün planlaşdırma olduğu halda akademik şəhər modeli qısa müddətdə real nəticələr verə bilər.

Qənaətimə görə, akademik şəhər modeli Azərbaycan üçün yalnız təhsil sahəsində yenilik deyil, həm də milli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu modelin tətbiqi ölkənin innovasiya potensialını artırmaqla yanaşı, regionların inkişafına, sosial rifahın yüksəlməsinə və Azərbaycanın qlobal rəqabət qabiliyyətinin güclənməsinə xidmət edə bilər”, – deyə deputat fikrini tamamlayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə isə qeyd edib ki, son vaxtlar media səhifələrində universitetlərin regionlara köçürülməsi ilə bağlı maraqlı təkliflərə təsadüf edilir.

“Bu təkliflərdə əsas arqumentlər kimi regionların sosial-iqtisadi inkişafı və Bakı şəhərində sıxlığın azaldılması göstərilir. Müəlliflərlə fikirləri ilə razılaşmamaq çətindir. Xüsusən regionların sosial–iqtisadi inkişafı ilə bağlı universitetlərin müəyyən hissəsinin köçürülməsi məqsədəuyğun olardı. Amma bir məsələni unutmaq olmaz ki, hər hansı bir universitetin başqa əraziyə köçürülməsi olduqca mürəkkəb prosesdir. Burada təkcə maddi-texniki bazanın və infrastrukturun yaradılmasından söhbət getmir. Hərçənd ki, həm maddi-texniki bazanın, həm də infrastrukturun formalaşdırılması özü də çətin bir məsələdir. Bu böyük maddi vəsait tələb edir ki, bunun da yalnız dövlət proqramı çərçivəsində reallaşması mümkündür.

Lakin universitetin fəaliyyəti təkcə maddi texniki baza və ya infrastrukturun  yaranması ilə ölçülmür. Burada müəllimlər və tələbələr də fəaliyyət göstərirlər. Təbii ki, universitetin başqa bir əraziyə köçürülməsi onların fəaliyyəti ilə bağlı da müəyyən çətinliklər yarada bilər. Belə ki, universitet başqa regiona köçürüldükdə müəllim və tələbələr üçün yaşayış məkanı olmalıdır. Təbii ki, əgər yeni məkanda yataqxana varsa, tələbələrin fəaliyyətində elə də böyük problem yaranmır. Müəllimlərin isə yeni ərazidə fəaliyyət göstərməsi müəyyən çətinliklər yarada bilir. Belə ki, ailəli müəllimlərin başqa əraziyə köçməsi müəyyən sosial problemlərin yaranmasına səbəb ola bilər”.

Şura sədri nəzərə çatdırıb ki, hazırda Bakıda yerləşən universitetlərin əksəriyyəti Sovet dönəmində tikilmiş binalarda fəaliyyət göstərirlər:

“Bu binalarda mövcud olan infrastruktur, təlim üçün olan şərait müasir təlim konsepsiyalarının tələblərinə tam cavab verə bilmir. Həmin universitetlərin bir qisminin şəhərin mərkəzində yerləşməsi onların infrastrukturunun müasirləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bu universitetlərin yeni məkana köçürülməsi, onların maddi-texniki bazasının və infrastrukturunun müasir tələblər səviyyəsində qurulması ali təhsilimizin yeni keyfiyyət mərhələsinə keçidi üçün  təbii ki, yeni imkanlar aça bilər.

Dünyanın bir çox ölkələrində şəhərin yaxınlığında və ya kənarında “akademik şəhərlər” yaradılır. Bu şəhərlərdə universitetlər kampus formatında fəaliyyət göstərirlər. Kampuslarda tədris binaları ilə yanaşı kitab evləri, iaşə obyektləri, idman və əyləncə mərkəzləri, qonaq evləri, yataqxanalar və s. mövcud olur. Tələbələr bütün tədris ilə ərzində orada qalırlar, bilik və bacarıq əldə etməklə yanaşı, maraq və təlabatlarına uyğun olaraq, asudə vaxtlarını və istirahətlərini orada səmərəli həyata keçirirlər. Tələbələrin eyni məkanda yaşaması, bütün gün bir yerdə olması onların bir-birləri ilə öyrəndikləri məsələlərlə bağlı diskussiyalar aparmaq, zərurət yarandıqda müəllimlərlə məsləhətləşmək imkanlarını genişləndirir. Bu “akademik şəhərdə” elmi mühitin yaranması, tələbələrin bu mühitdə inkişaf etməsi, daha keyfiyyətli mütəxəssis kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir”.    

O eyni zamanda söyləyib ki, müəllimlər isə dərs saatlarına müvafiq olaraq, həftənin bir neçə günü kampusda yaşaya, dərsi olmadığı günlərdə isə ailəsinin yanına qayıda bilər:

“Bu maraqlı təcrübədir. Düşünürəm ki, belə təcrübəni ölkəmizdə tədricilik prinsipi əsasında həyata keçirilməsi mümkündür. Əvvəl bir universiteti, sonra isə digərlərini zaman kontekstində həmin akademik şəhərə köçməsini təmin etmək olar.

Ölkəmizdə təhsilə böyük diqqət yetirilir. Torpaqlarımız işğaldan azad olduqdan sonra Qarabağ universiteti yaradıldı. Qısa müddət ərzində bu universitet öz nümunəvi fəaliyyəti ilə diqqəti cəlb edir. Fikrimcə akademik şəhərin yaradılması və universitetlərin ora köçürülməsində Qarabağ universitetinin təcrübəsindən nümunə kimi istifadə etmək məqsədəuyğun olar”.

H.Əlizadə akademik şəhərin yaradılması üçün Ələt qəsəbəsində geniş imkanların olmasına diqqət çəkib:

“Son günlərdə universitetlərin köçürülməsi ilə bağlı Ələt qəsəbəsinin adı tez-tez çəkilir. Mənim də fikrimcə, bu qəsəbədə akademik şəhərin yaradılması üçün imkanlar genişdir. Məlum olduğu kimi Ələt qəsəbəsində infrastrukturun yenilənməsi məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Hazırda Azad Ticarət Zonası layihəsi çərçivəsində qəsəbənin inkişafı davam edir.  Ələt qəsəbəsi həm Bakı şəhərinə yaxındır, həm orada planlı şəkildə akademik şəhərin yaradılması üçün kifayət qədər ərazi vardır.  Ticarət zonasının yaradılması ilə yanaşı orada akademik şəhərin salınması qəsəbənin gələcək inkişafını daha da sürətləndirə bilər. Lakin təbii ki, ora həmin ərazinin sosial iqtisadi – şəraitinə uyğun ixtisaslar üzrə kadr hazırlayan universitetlərin köçürülməsi məqsədəuyğun olardı. Belə olarsa sənaye-universitet əməkdaşlığının praktik təcəssümünü həyata keçirmək olar”.

O əlavə edib ki, başqa bir akademik şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ətrafında salmaq mümkündür:

“Bu əraziyə yaxın yerdə Sumqayıt sənaye parkının olması da universitet-sənaye əməkdaşlığı baxımından əhəmiyyətlidir. Akademik şəhərlərin ərazisində texno-parkların yaradılması da mümkündür. Bu universitetlərin keyfiyyət baxımından yeni mərhələyə transferi üçün mühümdür”.


Mənbə: Modern.az

Bir cavab yazın