263 məktəbdə ciddi pozuntular aşkarlandı

Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib.

Bu barədə Modern.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildiirlib ki, cari ilin mart ayı ərzində ümumilikdə 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Monitorinqlərin nəticəsində 23 məktəbdə yararlılıq müddəti bitmiş, beşində isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 171 saylı müvafiq qərarına əsasən, ümumtəhsil müəssisələrində şagirdlərin qidalanması zamanı istifadə olunması qadağan edilən məhsulların siyahısı müəyyən edilib. Qanunvericiliklə bu tip müəssisələrdə istehlaka təqdim edilməsi qadağan olunmuş və yararlılıq müddəti bitmiş məhsulların uşaqlara satılmasına yol verilmir. Məktəblərin qida blokunun sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, istehlaka verilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri də tələblərə uyğun olmalıdır.


Mənbə: Modern.az

Bir cavab yazın