Bakıda ürəyi dayanan şəxs son anda xilas edildi – VİDEO
Sosial mediada xəstəxananın həyətində ürəyi dayanan kişiyə tibb personalı tərəfindən həyətdə ilkin müdaxilə edildiyini əks etdirən görüntülər yayılıb.
Modern.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, vətəndaşa ilkin yardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasının həyətində qeydə alınıb.
Məlumata görə, ictimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafındakı insanların köməkliyi ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrində yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
“Hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib. Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) – ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.
Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir”.(“Trend”)
Mənbə: Modern.az
