Milyarderlər dünyanı ələ keçirir – Supervarlıların sayı və sərvəti AÇIQLANDI
Dünyada milyarderlərin sayı yaxın 5 il ərzində 4 minə çata bilər.Analitiklərin fikrincə, bu, qlobal bərabərsizliyin sürətlə artmasının daha bir göstəricisi olacaq.
Modern.az xəbər verir ki, bu nəticəyə “Knight Frank” şirkətinin yeni araşdırmasının müəllifləri gəlib. Məlumatı “The Guardian” yayıb.
Hazırda dünyada 3 mindən çox milyarder var və onların ümumi sərvəti rekord sürətlə artmaqda davam edir. Yeni “ultra-varlılar” dalğasının əsas hərəkətverici qüvvəsi kimi texnologiya sektoru və süni intellekt göstərilir. Bu sahələr əvvəlki dövrlərlə müqayisədə daha qısa zamanda nəhəng sərvətlər yaradır.
Proqnozlara görə, xüsusilə Asiya və Yaxın Şərqdə supervarlı insanların sayı daha sürətlə artacaq. Məsələn, Səudiyyə Ərəbistanında milyarderlərin sayının demək olar ki, üç dəfə artması gözlənilir. Eyni zamanda ekspertlər varlılarla kasıblar arasındakı fərqin getdikcə böyüdüyünü vurğulayırlar.
“World Inequality Report”un məlumatına görə, dünyanın ən varlı 60 min insanı planet əhalisinin yarısından üç dəfə çox sərvətə nəzarət edir.
“Oxfam” isə milyarderlərin ümumi sərvətini 18,3 trilyon dollar olaraq qiymətləndirir – bu, indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir.
Bu vəziyyət fonunda supervarlılara daha yüksək vergi tətbiq edilməsi çağırışları artır. Hətta bəzi milyonerlər və milyarderlər də bu fikri dəstəkləyir.
Yanvar ayında dünyanın ən varlı təxminən 400 nəfəri açıq məktub imzalayaraq böyük sərvətlərin daha ciddi vergiyə cəlb olunmasını tələb edib və sərvətin həddindən artıq cəmlənməsinin demokratiya və siyasi sabitlik üçün təhlükə yaratdığını bildiriblər.
Araşdırma müəllifləri xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə, dünya iqtisadiyyatı getdikcə kiçik bir supervarlı qrupun təsirindən daha çox asılı olacaq. Bu təsir isə təkcə biznesi deyil, siyasəti, medianı və texnoloji inkişafı da əhatə edəcək.
Mənbə: Modern.az
