Kimlər MİQ və sertifikasiya imtahanlarında iştirak edə bilər? – ŞƏRTLƏR

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Modern.az-ın məlumatına görə, müsabiqə 4 mərhələdən – elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsindən ibarətdir. 

Belə ki, müsabiqədə pedaqoji ixtisas üzrə orta ixtisas və ali təhsil almış, dövlət nümunəli diplomu olan, həmçinin xaricdə aldığı ali təhsili tanınmış şəxslər iştirak edə bilərlər. Namizədlər //miq.edu.az platformasında qeydiyyatdan keçərək prosesə qoşulurlar. 

Test imtahanında namizədlərə ixtisas üzrə 40, tədris metodikası və təlim strategiyaları üzrə isə 20 sual təqdim olunur. İmtahan üçün 120 dəqiqə vaxt ayrılır və nəticələr 100 ballıq sistem üzrə qiymətləndirilir. İxtisas sualları 2, metodika sualları isə 1 balla hesablanır. Səhv cavablar müvafiq olaraq mənfi balla nəticəyə təsir edir. Test mərhələsində müəyyən edilən keçid balını toplayan namizədlər isə növbəti mərhələyə buraxılır.

Keçid balını toplamış namizədlər maksimum 8 vakant yer seçə bilirlər. Vakansiya seçimi zamanı ilk üstünlük şəhid ailəsi üzvlərinə verilir. Namizədlərin yerləşdirilməsi seçim ardıcıllığına əsasən həyata keçirilir.

Bildirilib ki, həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu məktəblərdə çalışan müəllimlər üçün əlavə üstünlüklər mövcuddur. Belə ki, 3-5 il fasiləsiz işləyənlərin nəticələri 1,05, 5 ildən çox işləyənlərin nəticələri isə 1,1 əmsalı ilə artırılır.

Eyni zamanda, müəyyən təcrübəyə malik müəllimlər birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilirlər. Əsas turdan sonra keçirilən mərhələlərdə və tədris ili ərzində yaranan yeni vakant yerlərə isə yalnız müddətli əmək müqaviləsi ilə işə qəbul aparılır.

Müsahibə mərhələsində namizədlərin peşəkar bilikləri, psixoloji hazırlığı və ümumi dünyagörüşü qiymətləndirilir.

Digər tərəfdən, təhsilverənlərin sertifikatlaşdırılması qaydaları da müəyyənləşdirilib. Sertifikatlaşdırma hər 5 ildən bir keçirilir və iki mərhələdən – test və müsahibədən ibarətdir. Test mərhələsində 60 sual təqdim olunur və hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələdə azı 30 bal toplayan müəllimlər müsahibəyə buraxılırlar.

Müsahibə mərhələsində təqdimetmə, qiymətləndirmə, ünsiyyət və pedaqoji təşkilatçılıq bacarıqları yoxlanılır və maksimum 40 balla qiymətləndirilir. Bu mərhələdə minimum 20 bal toplayan şəxslər sertifikatlaşdırmadan keçmiş hesab olunur.

Qeyd olunub ki, sertifikatlaşdırmadan keçən müəllimlər 5 il müddətində fəaliyyətlərini davam etdirmək hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üç dəfə uğurla keçən şəxslər isə qanunvericiliyə uyğun olaraq yaş həddinədək işləyə bilirlər.

Sertifikatlaşdırmada iştirak etməyən və ya uğur qazana bilməyən şəxslərə 1 il ərzində təkrar iştirak imkanı verilir. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Bundan əlavə, müsabiqədə ilk dəfə iştirak edən şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər üçün MİQ imtahanlarında iştirak üçün ödəniş nəzərdə tutulmayıb.

Məlumat üçün bildirək ki, bu il sertifikasiya imtahanlarının iyunun 17-25-də, Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının 1-8 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, MİQ-də iştirak etmək üçün ödənişin məbləği 60 manat müəyyən edilib. 


Mənbə: Modern.az

Bir cavab yazın