Məzahir Pənahovu gözləyən 3 sınaq

Ötən gün 75 yaşlı Məzahir Pənahov daha 5 il müddətinə Mərkəzi Seçki Komissiyasının sədri seçildi. 

Modern.az xəbər verir ki, beləliklə o Azərbaycanda keçiriləcək daha 3 seçki prosesinə rəhbərlik edəcək. 
Məzahir Pənahov 2031-ci ilə qədər Mərkəzi Seçki Komissiyasının rəhbəri kimi ölkədə keçirilən seçkilərin təşkilinə və idarə olunmasına cavabdeh olacaq.

O 2029-cu ildə keçiriləcək VIII çağırış parlament seçkilərinə və Prezident seçkilərinə, həmçinin 2030-cu ildə keçirilməsi gözlənilən bələdiyyə seçkilərinin təşkil edilməsinə rəhbərlik edəcək. 

Xatırladaq ki, 19 may 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsini icra edən Məzahir Pənahov bu müddət ərzində çoxsaylı seçki proseslərinə rəhbərlik edib. O, 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərinə, həmçinin II, III, IV, V, VI və VII çağırış Milli Məclis seçkilərinə rəhbərlik edib.

Bununla yanaşı, 2004, 2009, 2014, 2019 və 2025-ci illərdə keçirilən bələdiyyə seçkiləri, eləcə də 2006 və 2011-ci illərdə baş tutan təkrar, əlavə və yeni bələdiyyə seçkiləri onun rəhbərliyi dövrünə təsadüf edir. Eyni zamanda, 2002, 2009 və 2016-cı illərdə keçirilən Konstitusiya referendumları da onun rəhbərliyi altında baş tutub.

Beləliklə onun rəhbəri altında baş tutan seçkilərin ümumi sayı ən az 24 olacaq. 
 


Mənbə: Modern.az

Bir cavab yazın