Avropa ölkələri Rusiyaya zərbə endirməyə cəsarət etmir

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin hələlik öz ərazilərindən Rusiyaya qarşı hücumlar həyata keçirmədiyini bildirib.

Modern.az xəbər verir ki, Putin bunun səbəbini həmin ölkələrin cavab zərbəsindən ehtiyat etməsi ilə izah edib.

“Onlar hələ ki, öz ərazilərindən nəsə buraxacaq həddə çatmayıblar. Onlar başa düşürlər ki, cavab zərbəsi olacaq”, – Rusiya lideri deyib.

Putin çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı digər məsələlərə də toxunub.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri hazırda Konstantinovka istiqamətində irəliləyişini davam etdirir.

Rusiya Prezidenti iddia edib ki, Rusiyanın mülki infrastrukturuna pilotsuz uçuş aparatları ilə endirilən zərbələrin məqsədi cəmiyyətdə sabitliyi pozmaqdır.

Putinin sözlərinə görə, Qərb ölkələri Ukraynaya pilotsuz uçuş aparatları tədarük etməklə Kiyevə hərtərəfli dəstək göstərirlər.

Rusiya lideri həmçinin bildirib ki, Moskva səkkiz il ərzində vəziyyəti danışıqlar yolu ilə həll etməyə çalışıb, lakin sonradan Donbas sakinlərini müdafiə etmək üçün hərəkətə keçməyə məcbur qalıb.

Putin Ukrayna hakimiyyətini də sərt tənqid edərək onu “dəli rejim” adlandırıb.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubunun danışıqlar üçün zəmin yaratmadığını da qeyd edib.

Putin əlavə edib ki, Rusiya ilə qarşıdurma siyasətini müdafiə edən Qərb siyasətçilərinin reytinqləri kəskin şəkildə aşağı düşür.


Mənbə: Modern.az

Bir cavab yazın