Elektron attestatlarla bağlı mühüm detallar açıqlandı 

2025/2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına attestatların elektron formada təqdim olunması nəzərdə tutulub. Yeni yanaşmaya əsasən, şagirdlər sənədlərini istənilən vaxt onlayn mühitdə əldə edə biləcəklər və bu yenilik ümumilikdə 300 minə yaxın məzunu əhatə edəcək. Bu fonda rəqəmsal həllin tətbiqi ilə attestatların verilməsi mexanizmi, onun tənzimlənmə qaydaları, eləcə də ənənəvi kağız sənədlərlə müqayisədə yaratdığı üstünlüklər və vətəndaşlar üçün təmin edəcəyi praktiki rahatlıqlar aktuallıq kəsb edir. Bununla yanaşı, sistemin regionlarda yaşayan məzunlar üçün əlçatanlığı və rəqəmsal imkanlara çıxışı məhdud olan şəxslər üçün alternativ mexanizmlərin nəzərdə tutulub-tutulmadığı da diqqət çəkir. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib ki, elektron attestatların tətbiqi təhsil sistemində rəqəmsallaşmanın mühüm mərhələlərindən biridir və bu addım həm idarəetmənin səmərəliliyini artırmaq, həm də vətəndaşlara daha çevik xidmət göstərmək məqsədi daşıyır.

Deputat yeniliyin və mexanizmin hansı formada tətbiq ediləcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Yenilik ondan ibarətdir ki, elektron attestatların verilməsi mərkəzləşdirilmiş rəqəmsal platforma üzərindən həyata keçiriləcək. Bu platforma elektron hökumət sisteminə inteqrasiya olunacaq və hər bir məzunun məlumatları vahid məlumat bazasında saxlanılacaq. Attestat artıq fiziki sənəd kimi deyil, unikal identifikasiya kodu və ya QR kod vasitəsilə təsdiqlənən rəqəmsal sənəd kimi təqdim olunacaq. Bu, həm sənədlərin doğrulanmasını asanlaşdıracaq, həm də saxtalaşdırma riskini minimuma endirəcək. Proses normativ hüquqi aktlarla tənzimlənəcək və məlumatların qorunması, əlçatanlıq və istifadə qaydaları aydın şəkildə müəyyən ediləcək”.

V.Qafarov həmçinin qeyd edib ki, elektron attestatların ənənəvi kağız sənədlərlə müqayisədə bir sıra üstünlükləri var:

“Ən başlıcası, sənədin itməsi və ya zədələnməsi riski aradan qalxır. Vətəndaş istənilən vaxt və istənilən yerdən öz attestatına çıxış əldə edə biləcək. Bundan əlavə, ali və ya orta ixtisas təhsil müəssisələrinə müraciət zamanı sənədlərin təqdim edilməsi prosesi avtomatlaşdırılacaq, əlavə təsdiqlərə ehtiyac qalmayacaq. Dövlət qurumları arasında məlumat mübadiləsi sürətlənəcək, bürokratik prosedurlar sadələşəcək. Eyni zamanda, kağız dövriyyəsinin azalması ekoloji baxımdan da müsbət təsir göstərəcək. Bu yenilik vətəndaşlara vaxt və resurs qənaəti, daha şəffaf və operativ xidmətlər vəd edir”.

Milli Məclisin üzvü onu da əlavə edib ki, regionlarda yaşayan məzunların əlçatanlıq məsələsinə gəldikdə isə, nəzərə almaq lazımdır ki, rəqəmsal xidmətlərin uğuru məhz inklüzivlikdən asılıdır:

“Dövlət artıq bir sıra sahələrdə “ASAN xidmət”, “myGov” kimi platformalar vasitəsilə regionlarda da elektron xidmətlərə çıxışı təmin edib. Elektron attestat sisteminin də bu mövcud infrastruktur üzərindən əlçatan olması çox müsbət haldır.

Ümumilikdə, elektron attestatlara keçid təhsil sahəsində şəffaflıq, operativlik və müasir idarəetmə baxımından mühüm addımdır. Lakin bu prosesin uğurlu olması üçün texniki infrastrukturla yanaşı, hüquqi tənzimləmə, məlumat təhlükəsizliyi və vətəndaşların rəqəmsal savadlılığının artırılması kimi məsələlər də paralel şəkildə diqqətdə saxlanılmalıdır”, – deyə deputat fikrini tamamlayıb.


Mənbə: Modern.az

Bir cavab yazın