Azərbaycanlı şagirdlərin kartı kosmosa göndəriləcək
Azərbaycan Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın, ABŞ-nin “Blue Origin” şirkətinin, “Club for the Future” təşkilatının, Azərbaycan Respublikası Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və “Azərpoçt” MMC-nin birgə həyata keçirdiyi Məktəblilərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsinin açılış mərasimi olub.
Modern.az xəbər verir ki, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bu müsabiqənin məktəblilər arasında sağlam rəqabət yaradacağını, onların yaradıcı potensialının və biliklərinin meydana çıxmasında vacib rol oynayacağını qeyd edib.
Sözügedən layihə Azərbaycan məktəblilərinin kosmos və STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələrinə olan marağını artırmaq, kosmik missiyalar haqqında biliklərini genişləndirmək və ölkənin müxtəlif bölgələrindən olan məktəblilərin bu sahədə inkişaf etməsini dəstəkləmək məqsədi daşıyır.
Bildirilib ki, Müsabiqə Azərbaycanın bütün regionlarını, o cümlədən ucqar kənd məktəblərini əhatə edəcək və kosmik maarifləndirmə sahəsində ölkənin beynəlxalq səviyyədə mövqeyini gücləndirəcək.
Layihədə ölkə üzrə 2000 məktəbdən 200 min nəfərədək şagirdin iştirakı nəzərdə tutulur. Öncə məktəblər öz daxili müsabiqələrini keçirərək ən yaxşı poçt kartlarını seçəcək, sonra həmin kartlar Kosmik Akademiyaya göndəriləcək. Sonuncu mərhələdə seçilmiş 2000 ədəd poçt kartı raket missiyası ilə kosmosa göndəriləcək və geri qayıtdıqdan sonra “Kosmosa uçmuşdur” təsdiq möhürü ilə iştirakçılara təqdim ediləcək. Bu təşəbbüs çərçivəsində məktəblilər yaratdıqları poçt kartları ilə kosmosa mesaj göndərmək imkanı qazanacaqlar.
Qeyd edək ki, “Kosmosa poçt kartları” (Postcards to Space) “Blue Origin” şirkətinin təsis etdiyi “Club for the Future” təşkilatı tərəfindən həyata keçirilən beynəlxalq təhsil təşəbbüsüdür. Bu beynəlxalq proqram dünyanın 100-dən çox ölkəsini əhatə edir. İndiyədək 100 mindən çox poçt kartı “Blue Origin” şirkətinin “New Shepard” missiyası ilə kosmosa göndərilib və geri qaytarılıb.
Məktəblilərarası Milli Kosmik Poçt Kartı Müsabiqəsi “Azərkosmos”un “Blue Origin” şirkəti ilə əməkdaşlığı və beynəlxalq “Kosmosa poçt kartları” layihəsi çərçivəsində həyata keçirilir.
Mənbə: Modern.az
