Təhsil 6 May 2026, 17:23 Təhsil İnstitutu akkreditasiyadan keçdi

Mayın 6-da Azərbaycan Respublikası Təhsil İnstitutunun akkreditasiyası nəticələrinin rəsmi elan edilməsi və İnstituta akkreditasiya haqqında şəhadətnamənin təqdim olunması ilə əlaqədar tədbir keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Emin Əmrullayev akkreditasiyanın əhəmiyyətini vurğulayaraq elmi fəaliyyətin keyfiyyətinin artırılması, plagiatla mübarizə və innovativ yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Bildirilib ki, elmi potensialdan və müasir texnologiyalardan səmərəli istifadə təhsil sahəsində davamlı inkişafın əsas şərtlərindəndir.

Daha sonra Famil Mustafayev akkreditasiya prosesinin hüquqi və təşkilati əsasları barədə məlumat verib, bu prosesin elmi müəssisələrdə idarəetmənin və tədqiqatların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Bildirilib ki, Təhsil İnstitutu tərəfindən təqdim edilən Özünüqiymətləndirmə Hesabatının təhlili əsasında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti İnstitutun akkreditasiyadan keçmiş hesab edilməsi və ona müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul edib.

Sonda akkreditasiya haqqında şəhadətnamə Famil Mustafayev tərəfindən Emin Əmrullayevə təqdim edilib.


Mənbə: Modern.az

Bir cavab yazın