Maksimum nəticə əldə edən şagird: Gündə 7 saat dərs oxuyurdum
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Məlumata əsasən, imtahan iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Modern.az imtahan iştirakçıları sırasında maksimum bal toplayan şagirdlərdən biri – Bakı şəhəri 102 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Həsən Məhərrəmli ilə həmsöhbət olub.
O saytımıza açıqlamasında ilk növbədə öz valideynlərinə və məktəb müəllimlərimə təşəkküünü ifadə edib. Onun sözlərinə görə, qazandığı uğurda məktəb müəllimlərinin böyük əməyi var:
“Müəllimlərimin bu uğurda çox böyük rolu olub. Onlara minnətdarlığımı bildirmək istəyirəm.
Demək istəyirəm ki, tədris ili ərzində hər gün təxminən üç saat dərs oxuyurdum. Son bir ayda isə hazırlığımı daha da artıraraq gündə 6-7 saat məşğul olurdum. Bu uğuru əldə etmək üçün çox çalışdım.
Düşünürəm ki, əsas məsələ müntəzəm çalışmaqdır. Doqquzuncu sinfə qədər də daim oxuyurdum, dərslərimə məsuliyyətlə yanaşırdım. Müəllimlərimlə çox yaxşı münasibətim var və hesab edirəm ki, uğur qazanmaq üçün belə olmaq vacibdir”.
Yüksək bal toplayan Həsən eyni zamanda imtahanlara fərdi özünün hazırlaşdığını da söyləyib:
“Mən repetitor yanında hazırlaşmamışam, məktəb müəllimlərimin dəstəyi ilə oxumuşam. İmtahandan əvvəl nəticə ilə bağlı tam əmin deyildim. Bir neçə açıq sualla bağlı narahatlığım var idi, amma şükürlər olsun ki, hər şey yaxşı oldu.
Həsən II ixtisas qrupu üzrə hazırlaşdığını da bildirib:
“Bu istiqamətə marağım hələ ilk siniflərdən yaranıb. Xüsusilə tarix və coğrafiya fənlərini çox sevirəm və bu sahədə nəticələrim həmişə yaxşı olub. İnanıram ki, 11-ci sinifdə də yüksək nəticə göstərərək 700 bal toplayacağam”, – deyə o söyləyib.
Məlumat üçün bildirək ki, ingilis dilində tədris alan 1 nəfər də 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.
Mənbə: Modern.az
