Moskvada parad keçirilir – Putin sükut elan etdi

Moskvada faşizm üzərində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad keçirilir

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident Vladimir Putin Qızıl Meydana gəlib. Paradı müdafiə naziri Andrey Belousov qəbul edir.

Belousov Qızıl Meydana paradın komandanı olan Quru Qoşunlarının komandanı Andrey Mordviçev ilə birlikdə çıxıb. Onlar birlikdə hərbçilərin yanından keçiblər. Mordviçev Moskvada Qələbə paradına ilk dəfə komandanlıq edir.

Müdafiə naziri prezidentə məruzə edib.

Sonra Putin çıxış edib. O bildirib ki, Rusiya sovet əsgərlərinin vəsiyyətlərini və irsini müqəddəs sayır. Putin vurğulayıb ki, məhz sovet xalqı Hitler Almaniyasına təslim olmuş ölkələrin suverenliyini bərpa edib və nasizmin məğlub edilməsində həlledici töhfə verib.

Prezident bir dəqiqəlik sükut elan edib.

Parada Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolay ilə birlikdə gəlib.

Dəvət olunan qonaqlar arasında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Laos Prezidenti Thongloun Sisoulith, Malayziyanın ali hökmdarı Sultan İbrahim, Cənubi Osetiya rəhbəri Alan Qaqloyev, Abxaziya Prezidenti Badra Qunba və Serb Respublikası Prezidenti Sinişa Karan da var.

Müdafiə Nazirliyinin məlumatına görə, Qızıl Meydanda piyada kolonda bütün növ və qoşun növlərinə aid ali hərbi təhsil müəssisələrinin hərbçiləri keçid edəcəklər. Paradda həmçinin Ukraynadakı hərbi əməliyyatda iştirak edən döyüşçülər də iştirak edir.

Qızıl Meydan üzərində Rusiya pilotaj aviaqrupunun təyyarələri uçuş edəcək, sonda isə Su-25 hücum təyyarələri Moskva səmasını Rusiya bayrağının rənglərinə boyayacaq.

Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu il Qələbə paradı təhlükəsizlik səbəbindən “qısaldılmış formatda”, hərbi texnika olmadan keçirilir. O həmçinin qeyd edib ki, 2026-cı il yubiley ili deyil.


Mənbə: Modern.az

Bir cavab yazın