90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib- FOTO/ VİDEO
May ayının 10-da Qərbi Azərbaycanın Zəngibasar mahalının Zəngilər kəndində uzun illər pedaqoji fəaliyyət göstərmiş, el arasında böyük hörmət qazanan 90 yaşlı müəllimə Şərifə Məmmədovanın yubiley tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yubiley mərasimində kənd sakinləri, ictimaiyyət nümayəndələri, ziyalılar və Şərifə müəllimin yaxın qohumları iştirak ediblər.
Məmmədova Şərifə Əbdülhəsən qızı 1934-cü ildə Qərbi Azərbaycanın Zəngibasar mahalının Zəngilər kəndində dünyaya göz açıb. Təhsilini Qərbi Azərbaycanda alıb və sonradan doğma kəndində 50 ilə yaxın ibtidai sinif müəllimi kimi fəaliyyət göstərib. O, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib, yüzlərlə şagird yetişdirərək cəmiyyətə savadlı və vətənpərvər gənclər qazandırıb.
Şərifə müəllimin qardaşı Məmmədov Nəriman Əbdülhəsən oğlu da bölgənin tanınmış ziyalılarından biri olub. O, uzun illər müəllim və məktəb direktoru kimi çalışaraq kəndin maariflənməsində mühüm xidmətlər göstərib.
Şərifə müəllimin qardaşı oğlu Altay Məmmədov Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri Şərifə müəllimin təhsil sahəsindəki xidmətlərindən, onun yüksək insani keyfiyyətlərindən və gənc nəslə örnək olan həyat yolundan danışıblar. Çıxış edənlər bildiriblər ki, Şərifə müəllimə illər boyu yalnız müəllim deyil, həm də insanların mənəvi dayağı, kəndin hörmətli ziyalısı olub. Onun savada, elmə və vətənə bağlılığı bu gün də gənclər üçün nümunədir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrinin daim xalqımız üçün örnək olduğu vurğulanıb. Bildirilib ki, Şərifə müəllimənin həyatı və fəaliyyəti məhz bu dəyərli kəlamın canlı nümunəsidir.
Yubiley tədbirinin təşkilinə maddi dəstəyi Şərifə müəllimin qardaşı oğlu Qoşqar Məmmədov göstərib. Tədbirin təşkilatçıları isə kənd sakinləri müəllimə Mehdiyeva Qalibə, Kərimov Pənah və müəllimə Süleymanova Növrəstə olublar.
Tədbirin sonunda milli musiqilər səsləndirilib, rəqslər ifa olunub və yubiley iştirakçılarında xoş ovqat yaradılıb.
Öndər TV kollektivi adından Şərifə müəlliməyə möhkəm can sağlığı, uzun ömür və yeni yaşında ailə səadəti arzulayırıq.

