Müəllimləri sertifikasiyadan keçirən şura hansı işləri görür?
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikatlaşdırma prosesi xüsusi idarəetmə mexanizmi əsasında təşkil olunur.
Bu prosesin düzgün və şəffaf aparılmasını təmin etmək məqsədilə Sertifikatlaşdırılması Şurası yaradılıb. Şura sertifikatlaşdırmanın təşkili, keçirilməsi və nəticələrin qiymətləndirilməsi kimi mühüm funksiyaları yerinə yetirir.
Sertifikatlaşdırma prosesi çərçivəsində həm test, həm də müsahibə mərhələləri üzrə sualların hazırlanması, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və ümumi prosesin idarə olunması Şuranın səlahiyyətlərinə daxildir.
Modern.az xəbər verir ki, AzEdu.az-ın “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na istinadən xəbərinə görə, sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 üzvdən ibarət Sertifikatlaşdırma Şurası yaradılıb.
Şuraya elm və təhsil naziri tərəfindən təyin olunan sədr rəhbərlik edir. Şuranın tərkibi nazir tərəfindən təsdiq edilir və üzvlər ictimai əsaslarla fəaliyyət göstərirlər.
Sertifikatlaşdırma Şurası aşağıdakı funksiyaları yerinə yetirir:
– sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;
– test və müsahibə mərhələlərinin hazırlanmasını təmin edir;
– proqram təminatına nəzarət edir;
– müsahibə komissiyalarına dair təkliflər verir;
– sertifikatlaşdırmanı təşkil edir;
– müəllimlərin siyahısını təsdiq edir;
– nəticələri Nazirliyə təqdim edir.
Sertifikatlaşdırma ilə bağlı proseslərin tənzimlənməsi üçün “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Sertifikatlaşdırma” altsistemi yaradılır.
Qeyd edək ki, ictimai nəzarətin təmin olunması məqsədilə Şura dövlət və qeyri-hökumət təşkilatlarını, beynəlxalq qurumları və media nümayəndələrini müşahidəçi qismində dəvət edə bilər.
Mənbə: Modern.az
