Türk dünyasının ortaq tibbi lüğəti təqdim olundu
12 may 2026 tarixdə Azərbaycan Tibb Universiteti-nin Tədris Cərrahiyyə Klinikasında “Türk Dillerinin Tıp Terimleri Sözlüğü” adlı çoxdilli fundamental nəşrin təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Türk Akademiyasının təşkilatçılığı ilə nəşr olunan kitab Azərbaycan Terminologiya Komitəsinin dəstəyi və 31 müəllifin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib. İki cilddən ibarət olan nəşrdə 8000-ə yaxın tibbi termin yer alıb.
Tədbirdə bir sıra nüfuzlu dövlət və elm xadimləri iştirak ediblər. Onlardan Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, layihənin koordinatoru Aynur Myemerova, millət vəkilləri Günay Əfəndiyeva, İlham Məmmədov, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın səfiri Maksat Mamıtkanov, Özbəkistanın səfiri Bahrom Aşrafxanov, professor Çingiz Rəhimov, Terminologiya Komitəsinin sədr müavini professor Sayalı Sadıqova və AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış edib.
Çıxışlarda qeyd olunub ki, bu nəşr türk dünyasında tibbi terminologiyanın sistemləşdirilməsi baxımından tarixi və mühüm elmi hadisədir. Bildirilib ki, lüğət müxtəlif türk dillərində yazılmış tibbi mətnlərin daha asan anlaşılmasına, eləcə də süni intellekt əsaslı tərcümə sistemlərinin inkişafına töhfə verəcəkdir.
Kitabda terminlər 11 dildə ingilis və rus dilləri ilə yanaşı, 9 türk dilində – Azərbaycan, Başkırt, Qazax, Qaraqalpaq, Qırğız, Özbək, Tatar, Türk və Türkmən dillərində təqdim olunub. Terminlərin əsas bazası azərbaycanlı alimlər Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov tərəfindən hazırlanmış, daha sonra digər türk dövlətlərindən olan mütəxəssislər tərəfindən genişləndirilib.
Tədbirdə vurğulanıb ki, bu layihə türk dillərində ortaq terminoloji bazanın formalaşdırılması və gələcək elmi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.
Kitabla tanış olmaq üçün:
Mənbə: Modern.az
