Universitetlərdə süni intellekt ixtisasları yaradılacaq
Azərbaycanda ali məktəblərdə bəzi ixtisasların aktuallığını itirməsi, yeni sahələr üzrə isə ixtisaslara ehtiyac yaranması son illər geniş müzakirə olunur. Xüsusilə süni intellekt və texnologiyanın sürətli inkişafı əmək bazarında yeni tələblər formalaşdırır.
Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırda ən çox tələbat olan sahələr əsasən İT və kompüter yönümlü ixtisaslardır:
“Texnologiyanın inkişaf etməsi, süni intellektin əlçatan olması bu ixtisasları daha populyar edir. Hesab edirəm ki, yaxın gələcəkdə ən populyar sahələr məhz kompüter yönümlü ixtisaslar olacaq. Bu, qaçılmazdır”.
Ekspertin sözlərinə görə, logistika və qida sahəsi ilə bağlı ixtisaslar da gələcəyin perspektivli istiqamətləri hesab olunur:
“Qida sektorunda ciddi problemlər var və bunlar qısa zamanda həll edilməlidir. Hesab edirəm ki, yaxın gələcəkdə qida sektoru ən sürətlə inkişaf edən sahələrdən biri olacaq. Azərbaycanda da artıq yüngül sənaye istiqamətində müəyyən inkişaf müşahidə olunur. Zavod və fabriklərin fəaliyyəti genişlənir. Buna görə qida texnologiyası sahəsində yeni ixtisasların yaradılmasına ehtiyac var”.
O qeyd edib ki, xüsusilə “Qida təhlükəsizliyinin idarə olunması” adlı yeni ixtisasın açılması vacibdir:
“Bizdə qida mühəndisliyi ixtisası var, amma bu daha çox mühəndislik istiqamətinə yönəlib. Qida təhlükəsizliyinin idarə olunması ayrıca ixtisas kimi yaradılmalıdır. Xüsusilə AQTA kimi qurumlarda peşəkar kadrların formalaşması üçün buna ehtiyac var”.
Ramin Nurəliyev hesab edir ki, yaxın illərdə kənd təsərrüfatı sahəsinə maraq da artacaq:
“Süni intellekt bir çox peşələri və ixtisasları ixtisara salacaq. İnsanlar alternativ sahələrə yönəlməyə çalışacaq və kənd təsərrüfatı da bu istiqamətlərdən biri olacaq. Bu, kənd təsərrüfatının inkişafına da təsir göstərə bilər”.
Mütəxəssis əlavə edib ki, gələcəkdə universitetlərdə “Yazılım mühəndisliyi”, “Süni intellekt” və “Tibbi diagnostika” kimi yeni ixtisasların yaradılması qaçılmaz görünür:
“Azərbaycanda silah sənayesi inkişaf edir və bu sahədə yazılım mühəndisliyinə ehtiyac artacaq. Yaxın gələcəkdə daha mürəkkəb texnologiyalar istehsal ediləcəksə, bu ixtisas mütləq lazımdır. Süni intellekt ixtisası da artıq qaçılmazdır. Əgər inkişaf etmiş ölkələrlə rəqabət aparmaq istəyiriksə, bu sahə üzrə mütəxəssis hazırlamalıyıq”.
Onun fikrincə, tibbi diagnostika ixtisasına da ciddi ehtiyac var:
“Hazırda bu sahədə əsasən tibb bacıları çalışır. Amma peşəkar və ixtisaslaşmış kadrların hazırlanması üçün tibbi diagnostika ayrıca ixtisas kimi tədris olunmalıdır”.
Ekspert bəzi ixtisasların isə artıq əmək bazarının tələblərinə cavab vermədiyini düşünür:
“Mən fəlsəfə ixtisasını o qədər də perspektivli hesab etmirəm. Düşünürəm ki, fəlsəfə daha çox magistratura səviyyəsində qalmalıdır. Çünki bakalavr pilləsində bu ixtisası bitirənlərin əmək bazarında yer tutması ciddi problemə çevrilir”.
O vurğulayıb ki, universitetlərdə ixtisasların açılması və ya bağlanması zamanı əsas meyar əmək bazarının tələbləri olmalıdır:
“Əgər ixtisas dövrün tələblərinə və əmək bazarına uyğundursa, açılmalıdır. Əks halda həmin ixtisasların perspektivi olmur”.
Mənbə: Modern.az
