Kuleba: Ukraynada müasir şəhər anlayışı tamamilə dəyişib

Ukrayna hazırda müharibə şəraitində şəhərlərin dayanıqlığı üçün yeni model formalaşdırır.

Modern.az xəbər verir ki, bu fikirləri Ukraynanın Baş nazirinin müavini Oleksiy Kuleba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində səsləndirib.

O bildirib ki, Ukrayna və Azərbaycan dayanıqlığın, güclü infrastrukturun, enerji təhlükəsizliyinin və müasir şəhər inkişafının əhəmiyyətini yaxşı anlayır:

“Bu gün Ukrayna forumda dörd ildən çox davam edən genişmiqyaslı müharibə şəraitində iştirak edir. Müharibə nəticəsində mənzil fondu, sənaye obyektləri, enerji gücləri və insan kapitalı daxil olmaqla infrastrukturumuzu itiririk”.

Nazir müavinin sözlərinə görə, son qiymətləndirmələrə əsasən, Ukraynanın infrastruktur sektorlarına dəymiş zərərin həcmi 195 milyard ABŞ dollarını ötüb. 

“Təkcə mənzil sektorunda zərər 60 milyard dollardan çoxdur, bərpa ehtiyacları isə 88 milyard dollar səviyyəsində qiymətləndirilir”.

Oleksiy Kuleba qeyd edib ki, müharibə Ukraynada müasir şəhər anlayışını tamamilə dəyişib:

“Bu gün məsələ şəhərin daimi təhlükələr, raket hücumları və enerji kəsintiləri şəraitində necə fəaliyyət göstərə bilməsidir. Bu, enerji müstəqilliyi, mühafizə sistemləri və sığınacaqların qurulması deməkdir”.

O həmçinin vurğulayıb ki, Ukrayna bərpa prosesində dayanıqlılıq və inklüzivlik prinsiplərini əsas götürür. Əlçatanlıq artıq müharibə veteranları, əlilliyi olan şəxslər, uşaqlı ailələr və bütün vətəndaşlar üçün fundamental tələb hesab olunur.

Nazir enerji səmərəliliyinin Ukrayna üçün milli enerji təhlükəsizliyi və icmaların dayanıqlığı məsələsi olduğunu da diqqətə çatdırıb.

Oleksiy Kuleba Kiyevdə kütləvi raket hücumlarından sonra yaranmış vəziyyəti də xatırladıb. Onun sözlərinə görə, qışda temperaturun mənfi 20 dərəcəyə düşdüyü dövrdə bir milyondan çox insan istiliksiz qalıb:

“Həmin vaxt yaşayış binalarının həyətlərində istilik məntəqələri qurduq. Biz onları “məğlubedilməzlik nöqtələri” adlandırırıq. Generatorlar vasitəsilə insanları su və elektriklə təmin etdik”.

Nazir qeyd edib ki, Ukrayna müharibə davam etdiyi halda bərpa həyata keçirən nadir ölkələrdən biridir:

“Dünyada əksər bərpa modelləri müharibədən sonra tətbiq edilir. Ukrayna isə aktiv müharibə şəraitində yenidən qurulur”.

Oleksiy Kuleba Kiyev vilayətində yerləşən Borodyanka şəhərinin nümunəsini də diqqətə çatdırıb. Onun sözlərinə görə, şəhər Rusiya qoşunları tərəfindən təxminən 80 faiz dağıdılsa da, hazırda 90 faizdən çox bərpa olunub:

“Borodyanka sadəcə yenidən tikilməyib. Şəhər təhlükəsizlik, inklüzivlik, enerji səmərəliliyi və rəqəmsal həllər baxımından müasir standartlara uyğun şəkildə yenidən qurulub. İnsanlar geri qayıdır. Əsl bərpa məhz budur”.

Nazir onu da əlavə edib ki, Ukraynada mənzil məsələsi yalnız sosial problem deyil, həm də insanların geri qayıtması, icmaların qorunması və sosial sabitliyin təmin olunması üçün əsas şərtdir.

“Bu gün Ukrayna sadəcə yenidən qurulan ölkə deyil. Biz XXI əsrdə müharibəyə, enerji hücumlarına və humanitar böhranlara eyni vaxtda tab gətirə bilən şəhər modeli formalaşdırırıq”, – deyə Oleksiy Kuleba çıxışını sonlandırıb.


Mənbə: Modern.az

Bir cavab yazın