Məktəblərdə yeni qiymətləndirmə sistemi yaradılacaq

Hazırda Azərbaycanda məktəblərdə tətbiq olunan qiymətləndirmə, həmçinin buraxılış və qəbul imtahanları sistemi ilə bağlı həm müəllimlər, həm də valideynlər arasında narazılıqlar davam edir. Xüsusilə test əsaslı yanaşmanın şagirdlərin real bilik və bacarıqlarını tam əks etdirmədiyi, uşaqlarda psixoloji gərginlik yaratdığı barədə fikirlər tez-tez səsləndirilir. Dünyanın bir çox ölkəsində isə artıq layihə əsaslı və şagirdin ümumi inkişafını nəzərə alan yeni qiymətləndirmə modellərinə keçid edilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib ki, Azərbaycanda mövcud qiymətləndirmə sistemi ilə bağlı ciddi narahatlıqlar mövcuddur və bu narahatlıqlar böyük ölçüdə haqlıdır:

“Çünki mövcud sistem daha çox test nəticələrinə və əzbərçiliyə əsaslandığı üçün şagirdlərin real bilik və bacarıqlarını tam şəkildə ortaya çıxara bilmir. Xüsusilə uşağın analitik düşüncəsi, yaradıcılığı, nitq bacarığı və praktik yanaşması test sualları ilə düzgün ölçülmür və ölçülə də bilməz.

Son illərdə qəbul və buraxılış imtahanlarında istifadə olunan testlərin həddindən artıq çətin və çaşdırıcı formada hazırlanması da ciddi problemlər yaradır. Bir çox hallarda suallar şagirdin biliyini yoxlamaqdan daha çox onu çaşdırmağa yönəlmiş şəkildə tərtib edilir. Bu isə uşaqlarda psixoloji gərginlik, özünəinam itkisi və stress yaradır. Əslində orta məktəb illəri uşaqların həyatında davamlı imtahan qorxusu ilə keçən mərhələ yox, uşaqların hərtərəfli inkişaf dövrü olmalıdır. Təhsil sistemi də, imtahan sistemi də bu məqsədə xidmət edən şəkildə qurulmalıdır”.

Deputat qeyd edib ki, dünyanın bir çox inkişaf etmiş ölkəsində artıq layihə əsaslı qiymətləndirmə sistemləri tətbiq olunur:

“Bu yanaşma uşağın yalnız bir günlük imtahan nəticəsinə görə deyil, illər boyu göstərdiyi zəhmətə və inkişafına əsasən qiymətləndirilməsinə imkan verir”.

Vasif Qafarov hesab edir ki, Azərbaycanda da yeni qiymətləndirmə sisteminin yaradılması artıq zərurətə çevrilib:

“Xüsusilə orta məktəb boyunca şagirdin topladığı qiymətlərin orta bal əsasında hesablanaraq yekun qiymətləndirmə kimi dəyərləndirilməsi daha effektiv və ədalətli bir yanaşma olar. Çünki bir şagirdin illərlə göstərdiyi nəticəni yalnız bir neçə saatlıq imtahanla müəyyən etmək doğru yanaşma deyil. Məktəb qiymətləri, layihələr, təqdimatlar və müəllim müşahidələri birlikdə nəzərə alınarsa, şagirdin real potensialını daha düzgün qiymətləndirmək mümkün olar.

Ümumilikdə, təhsil sistemi uşaqları sadəcə test həll edən deyil, düşünən, araşdıran, yaradıcı və özünü ifadə edə bilən fərdlər kimi yetişdirməlidir. Bunun üçün isə qiymətləndirmə sistemində dəyişiklik vacibdir”.


Mənbə: Modern.az

Bir cavab yazın