Türkiyə rəsmisi şəhərsalma və enerji keçidindən danışdı

“Dünyanı mənzillə təmin etmək: təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar” mövzusu D8 ölkələrinin ortaq prioritetləri ilə üst-üstə düşür.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu” tədbirində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver bildirib.

Nazir müavini qeyd edib ki, Türkiyə D8 platformasını yalnız iqtisadi əməkdaşlıq mexanizmi deyil, eyni zamanda yaşıl inkişafı, həmrəyliyi və ortaq gələcək baxışını gücləndirən strateji platforma kimi qiymətləndirir.

“Türkiyənin şəhərsalma siyasətinin əsas istiqamətlərinin təbii fəlakətlərə davamlı, iqlim dəyişikliklərinə uyğunlaşan, ekoloji baxımdan dayanıqlı və insan yönümlü yaşayış məkanlarının formalaşdırılmasıdır. 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra ölkədə genişmiqyaslı yenidənqurma prosesinə başlanılıb və şəhərlərin daha təhlükəsiz, dayanıqlı şəkildə bərpası istiqamətində mühüm addımlar atılıb”.

O diqqətə çatdırıb ki, enerji keçidi və şəhərsalma siyasəti artıq bir-birini tamamlayan iki əsas istiqamətə çevrilib. 

“Enerji səmərəliliyi, təmiz nəqliyyat sistemləri, bərpaolunan enerji infrastrukturu, ağıllı şəhər həlləri və yaşıl infrastruktur layihələrinin şəhərlərin gələcəyinin formalaşmasında mühüm rol oynayır.

Türkiyənin növbəti illər üçün müəyyən etdiyi “xalis sıfır emissiya” hədəfi çərçivəsində iqlim dəyişiklikləri ilə mübarizə, yaşıl inkişaf, enerji keçidi və sənayenin karbonsuzlaşdırılması istiqamətində genişmiqyaslı siyasət həyata keçirir.

O eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi ilə başladılan “Sıfır Tullantı” təşəbbüsünə də toxunub:

“Bu təşəbbüs BMT Baş Assambleyasının qərarı ilə qlobal təşəbbüs statusu qazanıb. Türkiyənin resurs səmərəliliyi, təkrar emal, dairəvi iqtisadiyyat və dayanıqlı istehlak sahəsində əldə etdiyi təcrübəni D8 ölkələri ilə bölüşməyə hazırdır”.

Sonda Türkiyə rəsmisi WUF13 çərçivəsində irəli sürülən şəhərsalma baxışının gələcək beynəlxalq iqlim və inkişaf proseslərinə mühüm töhfə verəcəyinə inamını da ifadə edib.


Mənbə: Modern.az

Bir cavab yazın