Magistraturaya təkrar imtahan ancaq üç ərazidə yaşayanlar üçün deyil – DİM
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıtda əlverişsiz hava şəraiti ilə əlaqədar yaşanmış fors-major halını nəzərə alaraq ali məktəblərin magistraturalarına təkrar qəbul imtahanı keçirəcək.
Təkrar imtahan üçün qeydiyyat 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə aprılacaq.
14 iyun 2026-cı il tarixində Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.
DİM bəyan edib ki, 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün təkrar imtahan ödənişsizdir. 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.
Modern.az-ın məlumatına görə, hazırda sosial şəbəkələrdə ən çox verilən suallardan biri bölgələrdə yaşayan bakalavrların da 14 iyunda keçiriləcək təkrar imtahanda iştirak edib-edə bilməyəcəklərilə bağlıdır.
DİM-dən bildirilib ki, harada yaşamağından asılı olmayaraq 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar, o cümlədən Naxçıvan MR-də yaşayanlar 14 iyunda təkrar imtahanda iştirak edə bilərlər. Bunun üçün onlar DİM-in saytında yenidən qeydiyyatdan keçərək ödəniş etməklə 14 iyunda Bakı, Abşeron və Sumqayıt şəhərlərinə gəlməlidirlər. Yəni bölgələrədə yaşayanlara hər hansı məhdudiyyət yoxdur, sadəcə imtahanlar üç şəhərdə keçiriləcək.
Mənbə: Modern.az
