Şəhərsalmada ictimai iştirak əsas şərtdir – Şəfəq Mehrəliyeva
Şəhərlərin dayanıqlılığı yalnız infrastruktur və siyasətlə deyil, insanlar arasında formalaşan etimad və ictimai tərəfdaşlıqla mümkündür.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin aparıcı qüvvəsi kimi” adlı panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva bildirib.
O qeyd edib ki, şəhərlər yalnız tikililərdən və siyasət sənədlərindən ibarət deyil:
“Şəhərlər ilk növbədə icmalardır. İcmalar isə yalnız siyasətlə deyil, tərəfdaşlıq və qarşılıqlı etimadla ayaqda qalır. İnsanlar özlərini qərarların passiv müşahidəçisi deyil, gələcəyi formalaşdıran aktiv iştirakçı kimi hiss etdikdə şəhərlər həqiqətən dayanıqlı olur”.
O həmçinin vurğulayıb ki, şəhərsalma prosesi sürətlə artır və bunun əsas səbəblərindən biri iqtisadi imkanlar, habelə iş yerləridir:
“Şəhərlər innovasiya, sosial həyat və mədəniyyət mərkəzləridir. Gənclər də məhz daha geniş ictimai və sosial imkanlara görə böyük şəhərlərə üz tutur”.
O bildirib ki, hökumətlər və qurumlar ictimai dəstək olmadan bu çağırışların öhdəsindən təkbaşına gələ bilməz:
“İctimai etimad və ictimai iştirak olmadan şəhərsalma siyasəti effektiv ola bilməz. İnsanlar yalnız anladıqları prosesləri dəstəkləyir, özlərini bağlı hiss etdikləri layihələrə töhfə verirlər”.
Ş.Mehralıyeva çıxşında Qarabağın yenidən qurulması prosesinə də toxunub:
“İşğaldan azad olunan ərazilərdə qurulan yeni şəhər və kəndlər daha müasir və dayanıqlı model əsasında formalaşdırılır.
Bu gün Ağdama qayıtdıqda uşaqlıq xatirələrimizdəki şəhərdən fərqli, daha müasir və dayanıqlı bir mənzərə görürük. Media bu gələcəyin insanlara çatdırılmasında mühüm rol oynayır”.
MEDİA rəsmisi vurğulayıb ki, şəhərsalma qərarları qəbul olunmazdan əvvəl ictimaiyyət prosesə cəlb edilməlidir:
“İnsanlarla kommunikasiya layihənin sonunda deyil, başlanğıcından qurulmalıdır. İcmaların fikirləri dinlənilməli, sorğular keçirilməli və onların qərarvermə prosesində iştirakı təmin olunmalıdır.
Ən güclü və dayanıqlı şəhərlər ən zəngin və ya texnoloji baxımdan ən inkişaf etmiş şəhərlər deyil:
Ən dayanıqlı şəhərlər insanlara gələcəyin bir parçası olduqlarını hiss etdirən şəhərlərdir”, – deyə Ş.Mehralıyeva qeyd edib.
Mənbə: Modern.az
