Azərbaycanın beynəlxalq nüfuzunun yeni göstəricisi
Prezident İlham Əliyev: “Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub”
Davamlı urbanizasiya, tarixi irsin qorunması, ekoloji tarazlığın saxlanılması və müasir texnologiyaların şəhər idarəçiliyinə tətbiqi bu gün qlobal gündəliyin ən aktual mövzuları sırasında yer alır. Məhz belə bir dövrdə Azərbaycanın paytaxtı Bakı şəhərinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan rolunun və nüfuzunun növbəti mühüm göstəricisi kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin qatıldığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın qlobal platformalarda artan rolunu bir daha nümayiş etdirdi. Forumun açılış mərasimində çıxış edən İlham Əliyev tədbirin miqyası və əhəmiyyəti barədə mühüm mesajlar verdi. Prezident İlham Əliyev qeyd etdi ki, forumda 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu rəqəm Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricilərdən biri hesab olunur. Dövlət başçısı vurğuladı ki, bu tədbir miqyasına görə Azərbaycanda ilyarım əvvəl keçirilmiş COP29 beynəlxalq iqlim konfransından sonra ölkədə təşkil edilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bu fakt Azərbaycanın artıq beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrildiyini göstərir. Son illərdə Bakı həm siyasi dialoq, həm iqtisadi əməkdaşlıq, həm də qlobal inkişaf məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma kimi diqqət çəkir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi isə ölkənin urbanizasiya, müasir şəhərsalma və dayanıqlı inkişaf sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə tanındığını sübut edir.
Prezident İlham Əliyev çıxışında forumun yalnız nəzəri müzakirələr üçün deyil, həm də Azərbaycanın əldə etdiyi real nailiyyətlərin nümayişi baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. Dövlət başçısı qeyd etdi ki, forum günlərində ölkəyə ilk dəfə gələn çoxsaylı qonaqlar Bakını və Azərbaycanın digər bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq işlərini yaxından görmək imkanı əldə edəcəklər.
Son illər Bakı şəhəri böyük inkişaf yolu keçib. Müasir memarlıq nümunələri, geniş prospektlər, parklar, nəqliyyat infrastrukturu və “ağıllı şəhər” konsepsiyasına uyğun layihələr paytaxtın simasını tamamilə dəyişib. Xüsusilə şəhərin ekoloji tarazlığının qorunması, yaşıl zonaların artırılması və ictimai məkanların genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr beynəlxalq ekspertlərin diqqətini cəlb edir.
Forum çərçivəsində şəhərlərin gələcəyi, dayanıqlı urbanizasiya, iqlim dəyişiklikləri, əhali artımı, rəqəmsal texnologiyaların şəhər idarəçiliyinə inteqrasiyası və sosial inklüzivlik kimi mühüm məsələlər müzakirə olunur. Müasir dünyada şəhərləşmə prosesinin sürətlənməsi bu mövzuların aktuallığını daha da artırır. BMT məlumatlarına görə, yaxın onilliklərdə dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq və bu, şəhər idarəçiliyində yeni yanaşmalar tələb edəcək.
Azərbaycan da bu çağırışlara uyğun olaraq şəhərsalma siyasətini müasir standartlara əsasən qurur. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri bunun ən parlaq nümunəsidir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yaşayış məntəqələri regionda innovativ yanaşmanın nümunəsi kimi təqdim olunur. Bu layihələrdə yaşıl enerji, rəqəmsal idarəetmə və ekoloji dayanıqlılıq əsas prioritetlərdən hesab edilir.
Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər, memarlar, şəhərsalma mütəxəssisləri və beynəlxalq təşkilat nümayəndələri bir araya gələrək qlobal problemlərin həlli yollarını müzakirə edirlər. Bu isə Azərbaycanın beynəlxalq əməkdaşlıq və qlobal dialoq üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də tədbirin nəticələrinin uğurlu olacağına dair inam idi. Dövlət başçısı ümid etdiyini bildirdi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29 qədər uğurlu nəticələr verəcək. Bu fikir Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi önəmi və qlobal problemlərin həllinə töhfə vermək istəyini əks etdirir.
Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşən nadir ölkələrdən biridir. Əsrlər boyu müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycan yalnız strateji mövqeyi ilə deyil, həm də zəngin mədəniyyəti, memarlığı və şəhərsalma ənənələri ilə seçilib. Bu xüsusiyyətlər xüsusilə paytaxt Bakı şəhərinin simasında daha aydın görünür. Burada qədim Şərq memarlığı ilə müasir Qərb urbanizasiya modeli harmonik şəkildə birləşir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanın inkişaf modeli tarixi irsin qorunması ilə müasirliyin düzgün uzlaşdırılması prinsipinə əsaslanır. Bu yanaşma xüsusilə Bakının memarlıq görünüşündə özünü açıq şəkildə göstərir. Şəhərin qədim hissəsi olan İçərişəhər əsrlərin yaddaşını yaşadırsa, onun ətrafında ucalan müasir binalar Azərbaycanın inkişaf edən dövlət olduğunu nümayiş etdirir.
Bakının ən qədim yaşayış məkanı olan İçərişəhər Azərbaycanın milli-mədəni irsinin əsas simvollarından biridir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən bu qədim şəhər hissəsi orta əsr Şərq memarlığının nadir nümunələrini qoruyub saxlayır. Dar küçələr, daş döşəmələr, qədim karvansaralar və müdafiə divarları burada qədim Bakının ruhunu yaşadır. Qız Qalası və Şirvanşahlar Sarayı kimi memarlıq abidələri Azərbaycanın zəngin tarixindən xəbər verir. İçərişəhərdə gəzən insan sanki əsrlər əvvələ səyahət edir. Burada qorunan memarlıq nümunələri Azərbaycan xalqının yüksək sənətkarlıq ənənələrinin və estetik zövqünün göstəricisidir. Lakin Bakının özəlliyi yalnız qədim tarixində deyil. İçərişəhərin dar küçələrindən çıxıb bir neçə addım irəlilədikdə insan tamamilə fərqli bir mənzərə ilə qarşılaşır. Müasir göydələnlər, geniş prospektlər, innovativ memarlıq nümunələri və yeni urbanistik layihələr Bakının dinamik inkişafını nümayiş etdirir.
Bu gün Azərbaycan şəhərsalma sahəsində yalnız region üçün deyil, daha geniş coğrafiya üçün də maraqlı inkişaf modeli təqdim edir. Tarixi irsin qorunması ilə müasir urbanizasiyanın balanslaşdırılması ölkənin davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız şəhərsalma sahəsində mühüm beynəlxalq tədbir deyil, həm də Azərbaycanın inkişaf modelinin, müasir urbanizasiya siyasətinin və beynəlxalq nüfuzunun nümayişidir. Forum çərçivəsində aparılan müzakirələrin gələcəkdə daha dayanıqlı, təhlükəsiz və müasir şəhərlərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
