Dünyada 117 milyona yaxın insan məcburi köçkündür – BMT rəsmisi

Dünyada təxminən 117 milyona yaxın insan münaqişə, zorakılıq və təqiblər səbəbindən məcburi köçkün vəziyyətində yaşayır.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində BMT-nin qaçqınlarla iş üzrə Ali Komissarı Bərham Salih “Böhran sonrası bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı panel sessiyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, iqlim dəyişiklikləri və təbii fəlakətlər hər il köçkünlük riskini daha da artırır və bir çox insan üçün müvəqqəti sığınacaq uzunmüddətli qeyri-müəyyən həyat şəraitinə çevrilir.

“Çad, Braziliya, İordaniya, Kolumbiya, Türkiyə və Suriya kimi müxtəlif ölkələrin təcrübəsi bir həqiqəti göstərir.

Bərpa prosesinə gəlincə, bu insanların yaşayacaq bir yerə sahib olması ilə başlayır”.

O eyni zamanda icmaların da ağır yük daşıdığını diqqətə çatdırıb:

“Bir çox icmalar resurslarının məhdud olmasına baxmayaraq, evlərini, torpaqlarını və xidmətlərini məcburi köçkünlərlə bölüşərək həmrəylik nümayiş etdirirlər”.

B.Salih bildirib ki, məcburi köçkünlərin sayının artması şəhər infrastrukturu və sosial həmrəylik üzərində təzyiqi daha da artırır:

“Mənzilə çıxış olmadıqda insanların dolanışıq imkanları zəifləyir, təhsil və səhiyyə xidmətlərinə çıxış çətinləşir, özünütəminetmə imkanları azalır.

Mənzil məsələsi artıq yalnız humanitar yardım elementi kimi deyil, bərpa və yenidənqurma siyasətinin əsas istiqaməti kimi qəbul edilməlidir”.

Onun fikrincə, ev anlayışı yalnız divarların tikilməsi ilə başlamır:

“Bu, torpağa çıxış, təhlükəsiz yaşayış hüququ və insanların işləməsinə, yaşamasına və həyatını yenidən qurmasına imkan verən sənədlərlə başlayır”.

O həmçinin vurğulayıb ki, Qaçqınlar üzrə Qlobal Forum çərçivəsində qəbul edilən “Human Settlement Pledge” təşəbbüsü köçkünlük probleminə yeni yanaşma formalaşdırır:

“Bu yanaşma məcburi köçkünlüyü inklüziv planlaşdırma, yerli inkişaf və ortaq rifah üçün imkan kimi qiymətləndirir.

Qaçqınlara mənzil və sərbəst hərəkət imkanları yaradıldıqda onlar ev sahibi icmaların iqtisadi və sosial inkişafına töhfə verirlər”.

B.Salih onu da əlavə edib ki, məcburi köçkünlər yük deyil, həllin bir hissəsidir:

“Keniyada və Efiopiyada düşərgələrin yaşayış məntəqələrinə çevrilməsi, Çad və Mavritaniyada inklüziv yanaşmalar, eləcə də Avropa şəhərlərində bələdiyyələrin təşəbbüsləri nümunə göstərilib.

Şəhərlər artıq yalnız köçkün axınını idarə edən məkan deyil, həm də müdafiə, inklüzivlik və həll yollarının formalaşdığı əsas platformalardır. Bələdiyyələr bu yükü təkbaşına daşıya bilməz. Onlara aydın səlahiyyət bölgüsü, davamlı maliyyə mənbələri və hökumətlər, inkişaf tərəfdaşları, özəl sektor və icmalarla güclü əməkdaşlıq lazımdır”.

O yekun olaraq qeyd edib ki, müvəqqəti sığınacaqlardan davamlı mənzil həllərinə, qısamüddətli yanaşmalardan uzunmüddətli strategiyalara keçid zəruridir:

“İndi məqsəd yalnız itirilənləri bərpa etmək deyil, daha dayanıqlı, inklüziv və güclü icmalar qurmaqdır”.


Mənbə: Modern.az

Bir cavab yazın